"Əməkdaşlarımız arasında satqınlıq və xəyanətə yol verənlər də olur"
“gundemxeber.az” xəbər verir ki, bunu Trend-ə açıqlamasında ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev deyib. Nazir müavini bildirib ki, Penitensiar Xidmətin bəzi əməkdaşları cəzaçəkmə müəssisələrinə mobil telefonlar, hətta narkotik vasitələr keçirirlər: "Bəzi əməkdaşlarımız müəyyən neqativ məqsədlərlə cəzaçəkmə müəssisələrinə mobil telefonlar keçirirlər. Amma onların hamısı vaxtlı-vaxtında ifşa olunur. Bu işdə "rolu" olan əməkdaşlar təbii ki, Xidmətdən xaric olunurlar. Penitensiar Xidmətdə işlədiyim bu 3 il ərzində elə hallar olub ki, əməkdaşlarımız özləri də "içəri"yə narkotik vasitələr keçiriblər və buna görə saxlanılıblar. Həmin cinayət faktları ilə bağlı materiallar toplanaraq prokurorluğa göndərilir. Artıq onların özləri cəzaçəkmə müəssisəsində məhkum kimi saxlanılırlar. Onların arasında zabit və gizirlər də var". Xidmətin rəisi qeyd edib ki, narkotik vasitələrin penitensiar müəssisələrə keçirilməsinin qarşısının alınması üçün qanun çərçivəsində tədbirlər görülür. Onun sözlərinə görə, cəzaçəkmə müəssisələrinə gizli yolla keçirilməsinə cəhd olunan narkotik vasitələrin çoxu narkotik aludəçisi olan məhkumlar üçün nəzərdə tutulur: "Məhkumların müəyyən hissəsi narkotiklərlə əlaqədar saxlanılıblar. Təbii ki, onlar narkomandırlar və narkotik vasitələrə düçardırlar. Öz qohumları və dostlarından daim narkotik istəyirlər. Bu bir daha onu göstərir ki, Azərbaycanın hüquq-mühafizə orqanları yüksək səviyyədə və düzgün işləyir. Narkomanlar tutulur, onlara qanuni hökm oxunduqdan sonra cəzaçəkmə müəssisəsində saxlanılırlar". M.Quliyev məhkumlara gizli yolla qanunsuz rabitə vasitələrinin keçirilməsi cəhdlərinin qarşısının alınması istiqamətində görülən tədbirlərdən də danışıb: "Təbii ki, məhkumlar da istəyirlər ki, onların mobil telefonları olsun və istədikləri an müəyyən zənglər edə bilsinlər. Amma qanun buna yol vermir. Çünki məhkum cəmiyyətdən təcrid olunub. Məhkumların bəziləri o telefonlardan cinayət məqsədi ilə də istifadə edə bilərlər. Bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən göstəriş verilib, qanunlara dəyişikliklər edildi. Məhkumlara iki dəfə zəng vurmaq imkanı artırıldı. Buna baxmayaraq, müəyyən məhkumların telefon əldə etmək istəyi yenə də qalır. Bəziləri bunu əldə edir də. Biz bununla mübarizə aparırıq. Onlar əməkdaşlarımız tərəfindən tapılır və götürülür. Bu telefonları məhkumlara daha çox onların qohumları və dostları, qanuni yolla görüşə gələn adamlar gizli şəkildə içəri keçirirlər".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?