Bakı şəhərində sərnişin avtobusunun sürücüləri özlərini ralli yarışlarındakı pilot zənn edirlər
İçərisi sərnişinlə dolu olan avtobusun günün pik saatında yığdığı sürət yoldakı digər sürücülərin də diqqətini cəlb edib. “gundemxeber.az” xəbər verir ki, həmin sürücü gördükləri barədə Milli.Az-a yazıb və foto göndərib. Oxucu yazır ki, srağagün səhər Zığ qəsəbəsindən Nobel prospektinə doğru hərəkət edərkən “beton yol” deyilən ərazidə Hövsan qəsəbəsindən şəhər istiqamətində sərnişinləri yüksək süərtlə idarə edən 175 saylı avtobusun şəklini çəkib: “Hər gün bu hal təkrarlanır. Özü də həmin ərazidə sürət həddi maksimum 60 km/saatdır. Mən avtobusun bu vəziyyətdə orada 90 km/saat sürətlə hərəkət etdiyinin şahidi oldum. Bu qədər soyuqqanlı olmaq olmaz axı. Hər bir məmurun aldığı əmək haqqı bu millətin hər bir nümayəndəsinin dövlətə ödədiyi vergidəndir. Heç olmazsa halallığı düşünək”. Şikayət məktubunda deyilir ki, Bakının sağalmaz problemlərindən biri ictimai nəqliyyatda olan vəziyyətdir: “Hər zaman olduğu kimi Bakı şəhərinin yol-nəqliyyat sistemindəki nazarətsizlikdən yazan oxucu şikayətində göstərir ki, sərnişindaşımadakı problemlər hər gün media vasitələri ilə gündəmə gətirilir. Lakin bu məsələyə görə cavabdeh olan orqanlar və məmurlar bunu görmür? Əgər görmürlərsə, niyə və hansı əsasla həmin vəzifədə oturublar? Onların birbaşa cavabdehliyində olan məsələni necə olur hamı görür, amma cavabdeh olan şəxslər görmür. Görürlərsə, niyə qarşısı alınmır? Yəni bir dövlət qurumu olaraq nəqliyyata nəzarət etməli olan orqan nizam-intizama əməl etməyən avtobus və taksi sürücülərinin qarşısında bu qədər acizdirlərmi?” Məsələ ilə bağlı Bakı Sərnişin Nəqliyyat Departamenti, Yol Polisi, Nəqliyyat Nazirliyindən münasibət öyrənmək mümkün olmadı. Departamentdən qısaca deyildi ki, bu məsələ həmin marşurutun sahibkarına irad kimi bildiriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?