“Gündəm Xəbər” qəzetinin 3 may 2014-cü il sayında Biləsuvar rayonu ilə bağlı araşdırma yazı işıq üzü görmüşdü. Yazı çap olunandan sonra rayondan məqalə ilə bağlı əks mövqe nümayiş etdirən fikirlər yer alan müraciətlər almışıq. Redaksiyamız fikir azadlığı, bütün tərəflərin mövqeyini işıqlandırmaq prinsiplərini əsas tutaraq rayona jurnalist qrupu ezam etmişdir. Araşdırmalarımız nəticəsində məlum olub ki, Biləsuvarda ictimai-siyasi vəziyyət tam normal axardadır, rayon rəhbərliyi tərəfindən vəziyyətə tamamilə nəzarət olunur. Biləsuvar rayonunda təmir-tikinti işləri ilə əlaqədar olaraq geniş quruculuq prosesləri davam etdirilir. Jurnalist qrupu geniş ictimaiyyət nümayəndələri ilə görüşlər keçirib. Rayon sakinləri bildirib ki, bir çox qüvvələr Biləsuvarda ictimai-siyasi vəziyyəti qarışdırmaq üçün fəaliyyət göstərsələr də vəziyyət normaldır. Rayon mərkəzində, digər kəndlərdə və yaşayış məntəqələrində aparılan abadlıq işləri ilə əlaqədar olaraq müəyyən problemlər yaransa da görülən işlər artıq öz nəticələrini verməkdədir. Uzun müddət rayonda hökm sürən bir çox problemlər həll olunmaq üzrədir. Biləsuvar normal şəkildə inkişaf edən regionlardan biridir. Redaksiya əməkdaşları rayonda olarkən ümummilli lider Heydər əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə təşkil olunmuş gül bayramında iştirak ediblər. Tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə, təşkilatlarının işçiləri, veteranlar, gənclər, rayon ictimaiyyəti və KİV nümayəndələri də təmsil olunublar. Araşdırmalar nəticəsində məlum olub ki, rayonda həyat tam normal axında inkişaf edir. “Gündəm Xəbər”
Sorğu
Yeni dizaynımız necədir?