"Malayziyaya uçan sərnişin təyyarəsinin Ukraynada vurulmasının səbəbini bilmək üçün Rusiyanın rəsmi Kiyevə münasibətinə nəzər salmaq lazımdır. Rusiya Ukraynanı dövlət kimi saymır, siyasi hakimiyyətini qəbul etmir. Putin deyir ki, Poroşenko və onun komandası ölkəni idarə edə bilmir. Bunları biləndən sonra başa düşürsən ki, onlar Malayziyanın təyyarəsini niyə vurub". Bunu Teleqraf.com-a Ukraynada Malayziya təyyarəsinin vurulmasına münasibətini açıqlayarkən, politoloq Vəfa Quluzadə bildirib. Onun fikrincə, 10 kilometr yüksəklikdə uçan təyyarəni separatçılar vura bilməz: "Təyyarə Rusiyada istehsal olunan zenit əleyhinə raketlə vurulub. Həmin raket kompleksini idarə etmək üçün professional adamlar lazımdır. Onlar elə biliblər ki, uçan Ukraynanın sərnişin təyyarəsidir. Əgər vurulan təyyarə Ukraynaya məxsus olsaydı, Rusiyanın təxribatı nəticə verərdi. Təsəvvür edin ki, 300-ə yaxın ukraynalının olduğu təyyarə vurulur. Ölkə Poroşenkoya qarşı qalxacaqdı. Deyəcəkdilər ki, ölkəni idarə edə bilmirsən, separatizmlə mübarizə apara bilmirsən və s. Xalq onu istefaya göndərə bilərdi. Bundan əvvəl separatçılar Ukraynanın yük təyyarəsini vurmuşdular. Xalq Poroşenkodan tələb edir ki, ölkədə qayda-qanun yaratsın, separatizmə son qoysun, stabillik olsun. Təsadüf elə gətirdi ki, vurulan Malayziya təyyarəsi oldu. Ona görə də baş verən terror Rusiyanın əleyhinə işlədi. Putin hakimiyyətinə qarşı çox sərt sanksiyalar olacaq, təzyiqlər güclənəcək. Hesab edirəm ki, bu siyasət tamamilə uğursuzdur və Putin Ukraynanı məhv edə bilməyəcək. 50 milyonluq xalqı tamamilə məhv etmək mümkün deyil. Putin istəyir ki, Ukrayna çöksün, hakimiyyəti dəyişsin və sonra da bəyan eləsin ki, görürsünüz, mən sizə Ukraynanın dağılacağını demişdim. Putin hesab edir ki, dünyada Ukrayna adlı xalq yoxdur, onlar balaca ruslardır". Putinin Malayziyanın baş nazirinə göndərdiyi başsağlığında "Poroşenko separatçılara qarşı əməliyyatlar həyata keçirməsəydi təyyarə vurulmayacaqdı" deməsinə də münasibət bildirən V.Quluzadə qeyd etdi ki, Rusiya prezidenti bu başsağlığı ilə əslində qətlə yetirilənlərin ruhunu incidib, Malaziyanın baş nazirinə hörmətsizlik edib: "Hamı bilir ki, Ukraynadakı separatçıları Rusiya silahlandırır. Ukrayna hakimiyyətinə qarşı vuruşanlar Putinin qoşunlarıdır. Putin çox ikiüzlü bəyanat verib. Putin öz ölkəsində müstəqillik istəyən xalqlara qarşı necə davranır? Çeçenistanı bombardıman edib. Digər xalqların qanını töküb. İndi Rusiya Ukraynadan tələb edir ki, qoy, separatçılar ölkəni dağıtsınlar, parçalasınlar. Ukrayna da olsun Rusiyanın quberniyası. Putin düşünür ki, öz ölkəsi böyük, Ukrayna isə kiçik Rusiyadır, onlar birləşməlidir. Onun Malaziyaya başsağlığı verməsi riyakarlıqdır. Çünki bu, onun əməlinin nəticəsidir. Harda görünüb ki, separatçılar sərnişin təyyarəsini vursun? Əgər onlar el dilində desək, partizanlardırsa, onların əlindəki ən böyük silah "Kalaşnikov" avtomatı olmalıdır. Separatçılar 10 klometr yüksəklikdəki təyyarəni vura bilməzlər". Ruslan Xəlil - See more at: http://teleqraf.com/news/13957#sthash.QbLjEnF8.dpuf
Sorğu
Yeni dizaynımız necədir?