"Son hadisələr bir daha onu göstərdi ki, Ermənistan bölgədə sülh, əmin-amanlıq üçün ən böyük təhlükədir". Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov deyib. Ə.Əhmədov qeyd edib ki, Azərbaycan xalqı həmişə öz torpaqlarını qorumağa hazır olub: "Bununla belə, xalqımız bu yolda şəhid verməyə və bu müqəddəslik zirvəsinə yüksəlməyə hazır olduğunu dəfələrlə bəyan edib. Sərhədlərimizdə keşik çəkən, Azərbaycanın ərazilərini qoruyan gənclərimiz göstərdikləri şücaətlə buna hazır olduqlarını da ifadə ediblər".
O əlavə edib ki, Azərbaycanın istəyi ondan ibarətdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə aradan qaldırılsın və qan tökülməsin: "Biz istəmirik ki, torpaqlarımızın geri qaytarılması bu faciələr üzərində olsun. Amma son hadisələr göstərir ki, ermənilər heç də buna hazır deyillər və dərk etmirlər. Yəqin ki, Azərbaycan xalqının səbri tükənəcək və Ali Baş Komandan, Prezident İlham Əliyevin göstərişinə, əmrinə əsasən bütün Azərbaycan xalqı öz torpağını qorumaq üçün ayağa qalxacaq. Ermənilərin Azərbaycana müqavimət göstərməyə gücü qalmayıb".
Baş nazirin müavini vurğulayıb ki, bu gün Azərbaycan təkcə iqtisadiyyatına görə Ermənistandan 10 dəfə güclüdür və əhalisinin sayına görə 3-4 dəfə üstündür: "Təbii ki, bu parametrlərə görə Ermənistanın Azərbaycana müqavimət göstərmək və yaxud ölkəmizin gücü qarşısında tab gətirmək imkanları yoxdur. Azərbaycan həmişə sülhsevər millət, xalq və dövlət olduğunu göstərib və bu gün də göstərir. Biz şəhid verməyimizə baxmayaraq, əlavə qanların tökülməsinin tərəfdarı deyilik. Amma o şərtlə ki, ermənilər bunu başa düşsünlər və torpaqların geri qaytarılmasının zərurliyini anlasınlar. Görünür ki, onların havadarları da bölgədə gərginliyin saxlanılmasında tərəfdardırlar".
Ə.Əhmədovun sözlərinə görə, Ermənistan terrorçu rejim olan Dağlıq Qarabağda yaranmış rejimi dəstəkləməklə bütün dünyada terrorçuluğun tərəfində dayandığını bildirib: "Bununla da Ermənistan hakimiyyəti bütövlükdə dünya üçün başağrısına, bəlaya çevrilib. Güman edirəm ki, bütün dünya icitmaiyyəti dünyada, Avropada, Cənubi Qafqazda əmin-amanlığın, sabitliyin möhkəm əsaslar üzərində dayanması naminə Ermənistana öz təpkisini göstərəcək. Azərbaycan dövləti, xalqı, ordusu isə həmişə ermənilərə, onların törətdikləri bütün təxribatlara layiqli cavab vermək qüdrətində, imkanındadır. Baxmayaraq ki, atəşkəs rejimi mövcuddur, biz əslində müharibə şəratindəyik. Şəhidlərimiz bundan əvvəl də olub. Güman edirəm ki, şəhidlərimizin ölümü ilə bağlı matəm elan olunması da müzakirə predmeti ola bilər. Təbii ki, buna hökumətimiz tərəfindən müvafiq reaksiya verilə bilər. Biz matəm elan etmək haqqında yox, düşmənə layiqli cavab vermək barədə düşünməliyik. Hesab edirəm ki, bizi düşündürən birinci məsələ elə bu olmalıdır".
Sorğu
Yeni dizaynımız necədir?