Azərbaycan və İran hökuməti İran vətəndaşlarının Naxçıvan Muxtar Respublikasına girişi üçün birdəfəlik vizanın (30 gün müddətinə) tətbiq edilməsi haqqında razılığa gəliblər.
ANS PRESS-in məlumatına görə, bu barədə İranın rabitə və informasiya texnologiyaları nazir Mahmud Vaezi avqustun 6-da Bakıda Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 9-cu iclasının yekunlarını şərh edərkən bildirib.
Vizanın qiyməti 10 avrodur. Viza Naxçıvan Beynəlxalq Hava Limanı ərazisində, Sədərək, Şahtaxtı və Culfa sərhəd-buraxılış məntəqələrində rəsmiləşdiriləcək. Bu qərar hökumətlərarası iclasın yekunu üzrə imzalanmış protokolda da öz əksini tapıb.
Milli Məclis 2012-ci ildə «Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında sərhədyanı rayonlarda yaşayan Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında» memorandumu ləğv edib. Memorandum iki dövlət arasındakı sərhəd xəttindən hər iki tərəfə 45 km enində yerləşən sərhədyanı rayonlarda yaşayan tərəflərin dövlətlərinin vətəndaşlarına şamil edilirdi.
Nazir deyib ki, bu memorandum İranın Ərdəbil, Qərbi Azərbaycan, Şərqi Azərbaycan sərhədyanı vilayətlərinin vətəndaşlarının sərbəst hərətinə xidmət edib: «Bu da öz növbəsində Azərbaycan və İranın sərhədyanı rayonlarında turizmin, iqtisadi münasibətlərin inkişafına kömək edib. Biz Azərbaycana bu memorandumun fəaliyyətini bərpa etməyi və ya İran vətəndaşlarının Azərbaycana girişi üçün viza rejimini ləğv etməyi təklif etmişik. Azərbaycan tərəfi ilkin mərhələdə Naxçıvana gəlmək üçün birdəfəlik vizanın tətbiqinin razılığını verib, gələcəkdə bu, sadələşdirilmiş giriş qaydasının Azərbaycanın qalan ərazisinə şamil edilməsi imkanı istisna olunmur».
Sorğu
Yeni dizaynımız necədir?