Hüseynov Rafiq Ramazan oğlu Cinayət Məcəlləsinin adam oğurluğu və sağlamlığa zərər vurma maddələri ilə şübhəli bilinir
Azərbaycan Moskvada çıxan “Azərbaycan diasporu” qəzetinin baş redaktorunu beynəlxalq axtarışa verib. Qəzetin baş redaktoru olan 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Ramazan oğlu Cinayət Məcəlləsinin adam oğurluğu və sağlamlığa zərər vurma maddələri ilə şübhəli bilinir və İnterpol xətti ilə barəsində axtarış elan edilib. Məlumata görə, R.Hüseynov Saatlı rayonunda anadan olub və xeyli müddət əvvəl Rusiyaya köçüb. Moskvada yaşayan R.Hüseynov Rusiya vətəndaşlığını qəbul edib və Azərbaycan Cəmiyyətinin sədri, qardaşı Oqtay Hüseynovun yanında fəaliyyətə başlayıb. Burada o, cəmiyyətin “Azərbaycan diasporu” qəzetini təsis edib və qəzetin baş redaktoru olub. Lent.az-ın əldə etdiyi digər məlumata görə, R.Hüseynov və qardaşı Oqtay Hüseynovun adı bəzi cinayətlərdə hallanır. Onların “Azad Respublikaçılar” partiyasının sədri Kamil Seyidovla birgə Moskvada fəaliyyət göstərən iş adamı Vahid Əzizovu oğurlatdırmaları və bunun qarşılığında onun ailəsindən 115 min manat pul tələb etdiyi bildirilir. Həmin fakta görə, Saatlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 145.2 (qanunsuz azadlıqdan məhrum etmə) və 182.1 (hədə-qorxu ilə tələb etmə) maddələri ilə iş başlanılıb və iş adamını oğurlayan dörd nəfər: Roman Bağırov, Elvin Əzizov, Bəhruz Qafarov və Fazil Ağayev həbs olunublar. Bu şəxslərə 4-5 il müddətinə azadlıqdan məhrumetmə cəzası da kəsilib. Lakin V.Əzizov bu işin arxasında əslində Hüseynov qardaşlarının və K.Seyidovun olduğunu bildirərək yenidən şikayət ərizələri yazıb, həmçinin məhkəmənin ədalətsiz keçirilməsinə dair iddia qaldırıb. Qeyd edək ki, R.Hüseynovun qardaşı oğlu Teymur Hüseynov Lent.az-a açıqlamasında Vahid Əziziovun fırıldaqçı olduğunu deyib. T.Hüseynov qeyd edib ki, V.Əzizov Kür daşqınlarından sonra dələduzluq yolu ilə xeyli insanın pulunu mənimsəyib: “Vahid Əzizovun mənim əmilərimə xeyli borcu olub. Buna görə də ondan öz pullarını tələb ediblər. Burada hər hansı adam oğurluğu faktından söhbət gedə bilməz”.
Sorğu
Yeni dizaynımız necədir?