“Kamil Vətəndaş” maarifləndirmə mərkəzinin rəhbəri Həsən Hüseynli Gəncədən Bakıya gətiriləcək. Məlumatı “Media forum” saytına vəkil Əlayif Həsənov verib. Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsinə köçürüləcək, amma müəyyən müddət Bakı İstintaq Təcridxanasında qalacaq.
Gəncə İstintaq Təcridxanasında saxlanan Həsən Hüseynlinin işindən Ali Məhkəməyə şikayət verilib. Əlayif Həsənov bildirib ki, Həsən Hüseynli Ali Məhkəmədəki prosesdə özü də iştirak etmək istəyir. Ali Məhkəməyə şikayətdə iş üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi tələbi qoyulub.
Həsən Hüseynli silah tətbiq etməklə xuliqanlıq və qanunsuz olaraq soyuq silah gəzdirmə ittihamı ilə məhkum olunub. Hökmə görə, QHT rəhbəri bu il martın 31-də Gəncə sakini Arzu Qəhrəmanovu bıçaqla yaralayıb. İyulun 14-də Gəncənin Nizami Rayon Məhkəməsi Həsən Hüseynlini 6 il müddətinə azadlıqdan məhrum edib və o, məhkəmə zalında həbs olunub. Sentyabrın 9-da Gəncə Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Həsən Hüseynli 1957-ci ildə Gəncədə doğulub. 1978-ci ildə indiki Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Fizika-riyaziyyat elmləri namizədidir.
1990-1992-ci illərdə jurnalist kimi fəaliyyət göstərib, Gəncədə çıxan “Vətən” qəzetində çalışıb. 1992-1993-cü illərdə Prezident Aparatında baş məsləhətçi olub.
1997-1998-ci illərdə Bakıda Soros Fondunda çalışıb, təhsil proqramına koordinatorluq edib. 1998-2004-cü illərdə Gəncə Təhsil Məlumat Mərkəzinin rəhbəri olub. 2004-2009-cu illərdə Gəncə Açıq Cəmiyyət Təşəbbüsləri Mərkəzinə rəhbərlik edib.
2009-cu ildən Gəncədə fəaliyyət göstərən “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi İctimai Birliyinin rəhbəridir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?