Müavini həbs olunan sabiq nazir barədə də qətimkan tədbiri seçildiyi bildirilir Nəsimi Rayon Məhkəməsinin qərarı ilə keçmiş müdafiə naziri Səfər Əbiyev barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilib. Bu barədə Bizimyol.info-ya informasiyalı mənbədən məlumat daxil olub. Mənbə bildirib ki, keçmiş nazirin adı dünən həbs olunan sabiq müavini Mehman Səlimovun işində keçir.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bununla bağlı Bizimyol.info-nun sorğusunu cavablandırıb. E.Sultanov deyib ki, Səfər Əbiyev barəsində başqa yerə getməmə haqqında qətimkan tədbiri seçilməsi barədə Baş Prokurorluğun Mətbuat Xidmətində heç bir məlumat yoxdur.
Qeyd edək ki, dünən Səfər Əbiyevin keçmiş müavini Mehman Səlimov həbs edilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb. Məlumatda bildirilir ki, Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq edilən cinayət işi üzrə 1955-ci il təvəllüdlü Səlimov Mehman Əmirxan oğlu Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
M.Səlimov 1995-1999-cu illərdə müdafiə nazirinin siyasi və ictimai işlər üzrə müavini olub.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?