Ömrünün son 28 ilini Bakı Şəhərində yaşayan Sona Namazova ondan hər ay məişət tullantılarına görə, pul alınmasından narazıdır. Şikayətçi deyir ki, Binəqədi rayonu ərazisində yaşayır. Ancaq ondan hər ay zibil pulu vermək tələb olunur. Zibil pulunu vermədikdə isə ərazi Mənzil İstismar Sahəsindən yaşayış haqqında arayış ala bilmir. Bu zaman 71 saylı Mənzil Kommunal Sahəsinin əməkdaşları ondan tələb edirlər ki, arayış əldə etmək üçün zibil pulunu ödəsin.
Zibil pulu-pulun zibili
Məlumat üçün deyək ki, paytaxt sakinləri, eləcədə mütəxəssislər arasında zibil pulunun ödənib-ödənməməməsi ilə bağlı ziddiyyətli fikirlər var. Bəzi mütəxəssislər hesab edirlər ki, Mənzil Kommunal Sahələrinin özləri əsassız fəaliyyət göstərdiyi üçün zibil pulu yığı bilməzlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 136-cı maddəsində Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın tərkibi maddəsində bu məsələyə hüquq aydınlığı gətirilib. 136.4 –də açıq şəkildə yazılır ki, Kommunal xidmətlərə görə, haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Mənzil Məcəlləsində birmənalı olaraq məişət tullantısına görə, ödəniş tələb edilmir. Bakı Şəhər İcra Hakimiyyətinin Nəzarət Şöbəsinin sabiq müdiri Arzu Məmmədov deyir ki, əslində zibil pulunun hansı təşkilat tərəfindən yığılması məsələsi mübahisəlidir: “Məlumat üçün deyim ki, bizə dost olan Türkiyədə, eləcədə Rusiyanın paytaxtı Moskvada zibil problemi ilə bələdiyyə orqanları məşğul olur. Bizdə isə qəribə vəziyyətdir. Həm bələdiyyə, həm də Mənzil İstismar Sahələri zibil yığır. O zaman bələdiyyə torpaqları ayrılan zaman bəzən xəritələrdə Mənzil İstismar Sahələrinin yerləşdiyi ərazilərdə bələdiyyə ərazisi hesab edilib. Təbii ki, bu məsələyə nöqtə qoymaq lazımdır. Normalda bütün iaşə işləri ilə bələdiyyələr məşğul olmalıdır. Ancaq bəzən icra orqanları ilə bələdiyyələr arasında qarşılıqlı ittihamlarda mövcud olur. Məsələn, bəzən bələdiyyə öz ərazisində reklam şiti yerləşdirir. Bu zaman Bakı Şəhər İcra Hakimiyyətinin Reklam İdarəsi bələdiyyənin reklam şitini dərhal götürür. Bu cür əlaqəsiz fəaliyyətin acı nəticələrini və zərbələrini isə sadə vətəndaşlar çəkir”.
Qanunda nəzərdə tutulmadığı təqdirdə zibil pulu yığıla bilərmi?
Mənzil Məcəlləsinin müvafiq maddəsində məişət tullantıları kommunal xidmətlər kateqoriyasına daxil edilməyib. Şikayətçi Sona Namazovada bu maddəyə istinad edərək iddia edir ki, Mənzil Məcəlləsinin qəbul edildiyi və qüvvəyə mindiyi 2009-cu ilin oktyabrından bu günə qədər məişət tullantılarına görə ödənişlər əsassız və qanunsuz olub. Hüquqşünas Fuad Ağayev isə deyir ki, qanunda bu məsələ açıq və konkret şəkildə yazılmalıdır: “Əgər kommunal xidmətlərə görə, xidmət sahələrinin adı açıq qeyd edilirsə və bu zaman məişət tullantıları ifadəsinə rast gəlinmirsə deməli ortaya problem çıxır. Əlbəttə ki, məişət tullantılarının daşınması, və yığışdırılmasına görə pul ödənməlidir. Amma bu qanunla tənzimlənməlidir”. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova isə məişət tullantılarının məhz Bakı meriyası tərəfindən yığılmasının nə qədər qanuni olub-olmadığı mövzusunda danışmaq istəməyib. Deyib ki, bu haqda mütəxəssislər danışa və ya ərazi üzrə Mənzil İstismar Sahəsinin əməkdaşları fikir bildirə bilər: “Mən onların yerinə danışa bilmərəm. Ancaq bizdə Mənzil Kommunal Təsərrüfat Departamenti var və bu işlədə onlar məşğul olur”. Bakı Şəhər İcra HakimiyyətininMənzil Kommunal Təsərrüfat Departamentindən isə bu haqda danışmağa meyl göstərməyib. Bildirilib ki, bütün suallara Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti cavab verə bilər.
Məişət tullantısına görə, haqqı Nazirlər Kabineti qoyub
Məişət tullantılarına görə, ödənişlər Nazirlər Kabinetinin qərarı əsasında həyata keçirilir. Bunu apardığımız araşdırma zamanı ortaya çıxardıq. Beləki Nazirlər Kabinetinin 2000-cı il qərarında məişət tullantılarına görə, ödənişlər, bu işin hansı orqan tərəfindən həyata keçirilməsinə dair müddəalar öz əksini tapıb. Nazirlər Kabineti yanında Taarif Şurası isə 10 mart 2006-ci il 41 saylı qərarı ilə ailədə hər bir şəxsin məişət tullantısı üçün 30 qəpik ödəməli olduğunu açıqlayıb. Bununla da, ölkəmiz üzrə zibil pulunun hər adambaşı üçün vahid taarif qiyməti müəyyən olunub. Artıq Elektron Hökumətə keçidi başa çatdırmaqda olan ölkəmizdə bu sahədə qüsurda özünü göstərir. Məsələn, Nazirlər Kabinetinin yuxarıda qeyd etdiyimiz qərarı onun veb səhifəsində yoxdur. Bu qərarın sürətini istəsək də, onu əldə edə bilmədik. Hüquqşünas Müzəffər Baxışov isə hesab edir ki, bu məsələlər son dərəcə şəffaf olmalı, Nazirlər Kabinetinin qərarlarını əldə etməkdə maneə yaranmamalıdır: “Bütün dövlət orqanlarında məlumatlar vətəndaşlar üçün əl çatan olmalıdır. Nazirlər Kabinetinin məişət tullantıları haqqında 2006-cı ildə qərarı var və biz bu qərarı həmin vaxt təhlil etmişik”.
Zibilə görə müqavilə problemi yaranıb
Binəqədi rayonu Biləcəri qəsəbəsi Qafur Məmmədov 25 ünvanında yaşayan Ceyhun Məmmədov bildirir ki, ondan məişət tullantılarına görə, haqqı Mənzil İstismar Sahəsinin əməkdaşları deyil, qəsəbənin bələdiyyə orqanı alır: “Hər ay 2 manat zibil pulu ödəyirəm. Mənzilimdə 3 nəfər qeydiyyatdayıq. Ödədiyim pula görə, formal qəbz verirlər. Mənimlə bələdiyyə orqanı arasında məişət tullantılarımın yığışdırılmasına dair hüquqi sənəd hesab ediləcək müqavilə yoxdur. Bu fəaliyyət kortəbii şəkildə həyata keçirilir”. Nəsimi rayonu, Mirqasımov küçəsində yaşayan Qabil Əliyevdə bildirir ki, onunla Mənzil İstismar Sahəsi arasında məişət tullantılarının daşınmasına dair ikitərəfli müqavilə bağlanmayıb. Araşdırmalar göstərir ki, paytaxt Bakıda bu xidmət sahəsi ilə əlaqədar olaraq mənzil sahibləri ilə qarşı tərəf arasında heç bir müqavilə yoxdur və fəaliyyət kortəbii şəkildə həyata keçirilir. Bu isə məişət tullantılarından əldə edilən maliyyəyə nəzarətin edilməsiniçətinləşdirir və hesabatlılığı şübhə altına salır. Həmçinin tərəflərin bir-birinin qarşısında öhdəçiliyi olmadığından xidmət də yüksək səviyyədə həyata keçirilmir.
Günahkar kimdir?
Hüquqşünas Müzəffər Baxışovda hesab edir ki, bu məsələlər müqavilə əsasında tənzimlənməlidir: “Amma müqavilələr yoxdur və Mənzil İstismar Birlikləri köhnə qayda əsasında işləyirlər. Bu zaman onlar əhalidən tələb edirlər ki, zibil pulun versinlər. Verməyənləri isə arayış verməməklə və digər məsələlərlə qorxudurlar. Öz hüquqlarını bilən vətəndaş isə arada müqavilə olmadığını əsas gətirərək Mənzil İstismar Birliklərinə məişət tullantısına görə, haqq ödəməkdən imtina edə bilərlər”. Nemət Hüseynli
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?