«Təmiz Binəqədi» layihəsi ilə öyünən Binəqədi rayonunun gözdən uzaq yerlərində açınacaqlı vəziyyətin yaşanması ilə bağlı mətbuatda kifayət qədər tənqidi materialların dərc edilməsinə baxmayaraq, problem öz həllini tapmır.
Redaksiyamıza müraciət edən Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi 6-cı döngənin bir qrup sakini yaxınlıqda olan fermanın onlara yaratdığı narahatçılıqdan necə əziyyət çəkdiklərini bildirirlər. Həmin ərazidə olan reportyorumuzla söhbət zamanı sakinlər fermanın axıtdığı üfunətlu suyun onların evlərinə dolduğunu bildiriblər: «Üfunət iyindən yaşaya bilmirik. Yaxınlıqda yerləşən fermanın kanalizasiyasi bizim sistemə qoşulduğundan peyinli sular həyətlərimizə axıdılır.
Dəfələrlə rayon İcra Hakimiyyətinə və yerli bələdiyyəyə müraciət etməyimizə baxmayaraq, heç bir tədbir görülməyib. Hər dəfə gəlib baxırlar və fermanın bağlanacağına söz verirlər, ancaq vədləri yalan çıxır. Xahiş edirik bizim şikayətimizi daha yuxarı instansiyalara çatdırın.
Özünüz vəziyyəti görürsünüz peyinli su kanalizasiya «lüklarından» çıxıb küçəni basır, ordan da evlere dolur. Bir sözlə, təmiz şəhər adlandırılan Binəqədi peyinin içində batır». Sakinlərin bildirdiyinə görə, fermanın yüksək səviyyədə himayədarı olduğu üçün bu problemlə bağlı heç bir əməli tədbir görülmür.
Dəfələrlə Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da, sorğumuza cavab verən tapılmadı. Onların da münasibətini dərc etməyə hazırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?