GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

“Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

Tarix: 23-12-2014, 00:09 Bölmə :Ölkə Baxış: 0
“Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

Sahib Musayev: “BMT-nin qətnamələri vaxtında icra olunsaydı, Kəlbəcər azad edilsəydi, mənim qardaşım, ya Şahbaz Quliyev bu şəkildə ora niyə getməliydi ki?!”

Sual vermək də, danışdırmaq da, cavabı dinləmək də, lap elə susmaq da çox çətindir bu məqamda. O məqam ki, 6 aydan çoxdur öz torpağını ziyarətə getdiyinə görə düşmən tərəfindən girov götürülən şəxsin doğması ilə, qardaşı ilə üz-üzə, göz-gözə oturub bu dərddən danışasan. Danışdıqca, qulaq asdıqca adamın ürəyin yanır, ata-baba yurdunu ziyarət etmək kimi müqəddəs bir istəyinə görə girovluqda saxlanılan vətən övladının azadlıqdakı doğmalarının dərdinə şərik olmaq, yanında olmaq, kömək etmək istəyirsən, ancaq əlindən heç nə gəlmir, heç nə edə bilmirsən...

Bu ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərovun qardaşı Sahib Musayevin qonağıyıq. Altı aydır girov saxlanılan, barələrində cinayət işi açılan və iktyabrın 27-dən Xankəndində qondarma məhkəməsi davam edən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işi ilə bağlı son vəziyyəti öyrənmək, “Həftə içi” üçün müsahibə almaq amacıyla getmişdik. Kədər, qayğı gözlərindən görünür, danışdığı yerdə qəhərdən boğulub hıçqırır, dişini dişinə sıxıb dodaqlarının əsməsini gizlətməyə çalışır. Amma yenə də bacarmır...



-Necəsiniz, Sahib dayı?

- Öz torpağını, ata-baba yurdunu, əzizlərinin qəbrini ziyarətə getdiyi üçün erməni silahlıları tərəfindən girov götürülən, 6 aydan bəri düşmən əlində saxlanılan adamın qardaşının, doğmasının əhvalı necə olar ki?! Dərdimizlə, problemimizlə baş-başayıq. Əlbəttə ki, bu hadisənin ağırlığını yaşamaq çox ağırdır. Torpağı işğal olunan, ev-eşiyi tarimar olan, ölülərinin qəbri əsarətdə saxlanılan da bizik, bütün bu haqsızlıqlara, ədalətsizliklərə dözməyib evini, torpağını, doğmalarının qəbirlərini ziyarət etdiyimiz yerdə girov götürülən də. İndi də gözləyirik görək haqq-ədalət tanımayan Ermənistan adlı dövlət girovlarımıza hansı qondarma hökmü oxuyacaq. Yoxsa, azad edəcəklərmi?

“Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

- Yəqin Xankəndindəki prosesləri internetlə də olsa, izləyirsiniz. Son məlumatlar nədən ibarətdir?

- Ermənilər yalan-doğru, nədirsə Xankəndində bir “məhkəmə” prosesini davam etdirir. Bu qondarma məhkəmənin sonunu gözləyirik görək son “qərar” nə olacaq.

- Siz bu qondarma məhkəmədən nə “qərar” gözləyirsiniz?

- Heç nə. Bizim üçün nə fərqi var ki, 5 il iş versələr də, ömürlük həbsə məhkum etsələr də, bizim üçün qəbuledilməzdir. Bilmirəm axırı nə olacaq, ancaq onu dəqiq bilirəm ki, Dilqəm Əsgərov da, Şahbaz Quliyev də günahsızdır. Onların hər ikisi sadəcə öz torpağını, ev-eşiyini ziyarətə gediblər, heç bir dövlətin sərhədini pozmayıblar, heç bir cinayət törətməyiblər. Onlar öz torpaqlarını, öz evlərini, yaxınlarının qəbirlərini ziyarət etmək üçün dədə-baba torpaqlarına gediblər, öz torpaqlarında erməni silahlıları tərəfindən tutulublar və təbii ki, onlara qurulan “məhkəmə”nin heç bir hüquqi əsası yoxdur.

“Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

-Ermənilər növbəti “məhkəmə prosesini” dekabrın 29-a təyin edib, guya həmin “məhkəmədə” “hökm” oxunacaq. Bəs, sizin bundan sonrakı addımlarınız nədən ibarət olacaq?

- Növbəti addımımız Avropa Məhkəməsinə müraciət hazırlamaq olacaq. İndi biz bu məsələ üzərində düşünürük. Amma Avropa Məhkəməsinə müraciətin də hüquqi qaydaları elədir ki, bilmirəm nəticəsi necə olacaq. Hər halda, çalışacağam ki, Avropa Məhkəməsinə çıxa bilək ki, ermənilərin yalançı məhkəməsinin qərarı da ləğv olunsun, işə haqlı və ədalətli prinsiplərlə yanaşılsın, hər iki girovumuzun azadlığa buraxılması təmin edilsin. Nə olur-olsun, Dilqəmlə Şahbazın azadlığa buraxılması üçün var gücümüzlə çalışacağıq.

- Avropa Məhkəməsinə müraciət üçün vəkil tutmaq niyyətiniz varmı?

- Əslinə qalsa, bu məsələdə biz uduzmuş hesab olunuruq. Gərək onlar girov götürülən andan şəxsən öz adımdan vəkil tutaydım. Amma Avropa Məhkəməsinə çıxa bilsək, bizə mütləq vəkil lazım olacaq. Hər iki girovumuz üçün həm ingilis, həm də Azərbaycan dilini bilən vəkilə ehtiyac olacaq.

- Təxmini də olsa, müəyyənləşdirmisinizmi ki, bu barədə kiminlə danışmaq olar, hər ikisi üçün ayrı-ayrılıqda belə vəkilləri haradan tapmaq olar?

“Dilqəm o çağırışa görə gedirdi Kəlbəcərə” – Dilqəm Əsgərovun qardaşı DANIŞDI

- Yəqin ki, Azərbaycanda savadlı və təcrübəli vəkillər var, amma mən tanımıram. Mənim tanıdığım belə vəkillər Aslan İsmayılov və Adil İsmayılovdur. Çalışaram ki, hökumətin də köməkliyi ilə bu iki tanınmış vəkil Dilqəmlə Şahbazın müdafiə işinə cəlb olunsun. Məncə, onlar bu işi uda bilərik. Dünyada haqq-ədalət yoxdur, haqq-ədalət olsa, biz bu qondarma məhkəməni vəkilsiz də uda bilərik. BMT kimi dünyanın ən mötəbər təşkilatı özünün verdiyi qətnamələrin həlli haqqında ümumiyyətlə, fikirləşmir. Fikirləşmiş olsa, müəyyən bir addımlar atsaydı, Ermənistan hökumətini sıxışdırsaydı ki, işğal etdiyi Azərbaycan torpaqlarını, Qarabağı azad etsin, onda belə hadisələr olmazdı. BMT-nin Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnamədən 1-i birbaşa Kəlbəcərin işğalı ilə bağlıdır. Həmin qətnamədə deyilir ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Kəlbəcər rayonunu dərhal və qeyd-şərtsiz azad etməlidir. BMT-nin bu qətnamələri vaxtında icra olunsaydı, Kəlbəcər azad edilsəydi, mənim qardaşım, ya Şahbaz Quliyev bu şəkildə ora niyə getməliydi ki?! Niyə də ona orada hansısa bir cinayət işi açılaydı? Niyə də “olmayan sərhədimizi keçmisən” deyilərdi? Axı, nə Dilqəm, nə də Şahbaz Ermənistanın dövlət sərhədini pozmayıb! BMT özünün bu qətnaməsinin icrasına vaxtında səy göstərsəydi, ermənilərin bu cəfəngiyyat iddialarının heç biri olmazdı. Ona görə də bizə güclü vəkil lazımdır. Mənim tanıyıb-bildiyim Aslan İsmayılov və Adil İsmayılovun bu işə kömək edə biləcəyinə ümidim var. Başqaları varsa, biz onlardan da xahiş edirik ki, bu işdə dəstəyini əsirgəməsinlər.

- Girovlarımızın azad olunması üçün indiyə qədər Azərbaycanda və beynəlxalq səviyyədə görülən işləri necə dəyərləndirirsiniz? Sizcə, onların hüquqlarının müdafiəsi üçün hansı işləri görmək mümkün idi ki, bu işlər görülməyib?

- Azərbaycan daxilində dövlət və hökumət səviyyəsində lazım olan işlərin əsas hissəsi görülüb. Xüsusilə də bu işlərin çox hissəsini cənab prezident görüb. Amma hər şey prezidentdən asılı deyil, ictimaiyyət də tam şəkildə kömək və dəstək olmalı idi. Təəssüf ki, bu dəstək çox zəifdir. Beynəlxalq təşkilatlardan isə Dilqəmin və Şahbazın hüquqlarının təmin olunmasını tələb etməliydik. Amma hələ ki, beynəlxalq təşkilatlar qarşısında güclü bir tələb qoya bilməmişik, görülən işlər çox zəifdir. Əslində həm Şahbazın və Dilqəmin ailə üzvləri, həm ictimaiyyət, həm də mətbuat tərəfindən beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıldı. Amma indiyədək hər iki girovun azad edilməsi istiqamətində heç bir irəliləyiş yoxdur. Bu, o deməkdir ki, indiyədək görülən işlər bu boyda hadisənin qarşında çox azdır. Ermənistan hökuməti Xankəndində qondarma məhkəmə qurmağa hazırlaşarkən mütləq vəkil tutmaq lazım idi. Azərbaycan dövləti adından yox, hər iki girovun ailəsi, Dilqəmin qardaşı kimi şəxsən mənim adımdan vəkil tutulmalıydı. Bu məsələni mən qaldırdım, amma baş tutmadı. Biz bax, bu məqamda uduzmuşuq.

- Nə mane oldu sizin vəkil tutmağınıza?

- Nə bilim, mane olundu. Onlara vəkil ona görə lazım idi ki, nə Dilqəmin, nə də Şahbazın ali təhsili yoxdur. Dilqəm orta məktəb 8-ci sinfə qədər oxuyub, Şahbaz da orta təhsillidir, sürücü adamdır. Onların hüquqdan heç anlayışları da yoxdur, özlərini orada necə müdafiə edə bilərlər?! Ona görə də onlara bizim öz tərəfimizdən mütləq vəkil tutulmalıydı. Amma biz vəkil tutmamaqla bu işi uduzmuşuq. Düzünü desəm, hərbçilərimiz də çox şeyi uduzub, lazım olan hərəkətlər edilməyib. Avqust ayında cəbhə xəttində baş verən döyüş əməliyyatlarında ermənilər tərəfindən onlarla əsgəri itki olub. Həmin o erməni əsgərlərinin meyitləri niyə bizim əlimizdə olmadı? Yaxud bu yaxınlarda Ağdamda Ermənistan silahlı qüvvələrinə məxsus hərbi vertolyot vurularkən həlak olmuş erməni zabitlərinin cəsədləri niyə götürülmədi? Əslində o vertolyotun hər ikisi vurulmalı idi. Müdafiə nazirinin əmri var, cəbhə bölgəsində təmas xəttini pozan hərbi texnika görünərsə, bizim əsgərlər üçün təhlükə törədirsə dərhal vurulmalıdır. Vertolyot vurulan zaman ölən erməni zabitlərinin cəsədləri vertolyotun hissələri ilə bərabər götürülməli idi. Bununla bütün dünyaya sübut olunacaqdı ki, erməni döyüşçüləri təmas xəttini keçib və biz torpağımızı qorumaq naminə vertolyotu vurmuşuq. Həm də həlak olan erməni zabitlərinin cəsədlərini götürüb girovlarımızla dəyişə bilərdik. Yəni belə çatışmayan cəhətlər var. Düzdür, hökumət tərəfindən görülən işlərə görə narazı deyiləm. Yəqin ki, bizim bilmədiyimiz şeylər də var və bu işdə nə lazımdırsa onlar daha yaxşı bilirlər, çalışırlar. Amma nəticəsi olmadığına görə tam razı qala bilmirik.

- İndiyədək Dilqəm Əsgərovdan neçə məktub almısınız?

- Mən əvvəl elə bilirdim ki, girovlara yalnız öz ailə üzvləri məktub yaza bilər. Düşünürdüm ki, “ailə üzvləri” dedikdə qardaş-bacı nəzərdə tutulmur, yalnız həyat yoldaşı və oğlu-qızı yaza bilər. Ona görə də mən məktubu bir az gec yazdım. İndiyədək 2 məktub yazmışam, hər ikisinə də cavab gəlib. Üçüncü məktubu da yazmışam, amma hələ göndərilməyib. Öz evlərinə isə Dilqəmdən 5, ya 6 məktub gəlib.

- Sonuncu məktub nə vaxt gəlib?

- Mənə göndərdiyi sonuncu məktubu dekabrın 10-da yazıb, 12-də almışıq.

- Qardaş kimi Dilqəm Əsgərovun erməni girovluğunda saxlanması barədə düşüncələriniz nədir?

- Qardaş oldu-olmadı, mənim Şahbaza da, rəhmətlik Həsənə də, Dilqəmə də münasibətm eynidir. Onların hər üçü belə görünür ki, vətən üçün, torpaq üçün bizim hamımızdan daha çox düşünüblər. Həm də daha qeyrətlidirlər, qorxmaz və cəsarətlidirlər. Kənardan baxana döyüş asan gəlir, “nə var ki, gedərəm, ataram-vuraram, tutaram” deyir. Lakin dağlarla, dərələrlə yüz kilometrlərlə yolu piyada 15-20 gün ərzində ac-susuz gedib vətən torpağını görmək hər oğulun işi deyil (ağlayır). Qardaşım da qardaşdır də, hamının qardaşı necədirsə, mənim də qardaşım elə. Heç kimin xətrinə dəyməsin, Dilqəmin öz torpağına gedib düşmən tərəfindən girov götürülməsinin ağırlığını onun ailəsindən, qardaşından çox heç kim çəkə bilməz. Amma həm də elə adamlar gördüm ki, Dilqəm üçün, Şahbaz üçün canına qəsd etməyə hazırdır. Keçən ay mənə zəng edib dedilər ki, bir ictimai təşkilat Dilqəmlə Şahbazın girovluqdan azad edilməsinə çalışmayan BMT-yə etiraz əlaməti olaraq aclıq aksiyası keçirir. Mən də getdim ora, həmin gün onlar artıq aclıq aksiyasına başlamışdılar, 4 nəfər təşkilatın ofisində, təşkilatın 1 üzvü isə rayonda. Bu 5 nəfər 7 gün – bunlar hamısı mənim gözümün qabağında olub, 1 gün oğlum, 3 gün özüm onlarla bir yerdə olmuşam – sudan başqa heç bir qida qəbul etməyib. Yəni belə adamlar var. Mən durub desəm ki, qardaşı kimi Dilqəmə və ya Şahbaza mənim ürəyim hamıdan çox yanır, bu da düz olmaz. Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mənə dedi ki, çox təəssüf ki, mən Dilqəmi tanıdım, gərək tanımayaydım. Dedi elə bilirsən, Dilqəmə və Şahbaza təkcə sənin ürəyin yanır?! Yəni belə adamlar var, çoxdur. Ona görə də deyə bilmərəm ki, onların halına yaynan təkcə bizik.

- Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində danışılanda bəzən deyirlər ki, gərək heç getməyəydulər, özlərini bu qədər təhlükəyə atmayaydılar. Siz böyük qardaş kimi nə düşünürsünüz?

- Bir tərəfdən mən də düşünürəm ki, axı, niyə gedirdi? Amma onlar da getməsin, sən də getmə, mən də getməyim, heç kim də heç bir iş görməsin. Bəs, nə olsun?! Bu var ey! Dilqəmgilin Kəlbəcərdə çəkdiyi videonu ermənilər öz saytlarında yaydılar. Orda Dilqəm “Görürsünüzmü, mən gəlmişəm, qorxmuram, burada qorxası bir şey yoxdur” deyir. Bu, bir çağırış idi, vətənə, torpağa çağırış idi (yenə ağlayır). Dilqəm, bax, o çağırışa görə gedirdi Kəlbəcərə.

- Onların ermənilər tərəfindən girov götürülməsi xəbərini eşidəndə hansı hissləri keçirdiniz?

- Hansı hisslər?... Ən əziz adamın birdən-birə çox böyük dara düşməsi xəbəridir bu. Düşmən əlində olmaq heç düşmənə də qismət olmasın. Çətindir, çox çətindir. Nəvəm nənəsinə deyir ki, (qəhər yenə boğur, danışa bilmir) babam deyir kişi ağlamaz, bəs, babam özü niyə ağlayır? (sakitləşməyə, təmkinli olmağa çalışıram, yenə də hisslərini boğa bilmir, hönkürür.) Təmkinli olmaq olmur.

-Qəhrəmanlıq belə-belə qazanılır də, Sahib dayı. Qəhrəmanlığı asanlıqla qazanmaq olmur, axı...

- (Ağlaya-ağlaya.) Bilirsiniz, Nəsiminin öz amalları uğrunda dərisini soydular, amma təslim olmadı. Dilqəm təslim olan oğlan deyil, olmayacaq da. Allahın köməkliyi ilə hər ikisi sağ-salamat gələcək. Bizim tariximizdə belə oğullar çox olub, indi də var, inşallah gələcək daha çox olacaq.

- İndiyədək sizləri – girovlarımızın ailələrini ziyarət edən olub? İctimaiyyətin nümayəndələri, ya dövlət və hökumət adamlarından kimsə...

- Olub, həm dövlət nümayəndələrindən, həm də ictimaiyyətdən diqqət göstərirlər. Konkret adlarla sadalamaq bəlkə doğru çıxmaz, amma həm dövlət adamları, həm də ictimaiyyətin nümayəndələri ya açıq, ya qapalı şəkildə maraqlanır, əlaqə saxlayırlar.

-Beynəlxalq Qırmızı Xaç Komitəsinin məsələyə münasibəti necədir?

- Qırmızı Xaç Komitəsi də, digər təşkilatlar da Azərbaycana münasibətdə çox ədalətsizdirlər. Bu qurumlar Azərbaycana münasibətdə ikiüzlü yox, bəlkə də üçlü-dördlü münasibətin ən axırıncını göstərirlər. Dünya da xaçpərəst dünyasıdır, bunun da təsiri var. Qırmızı Xaç Komitəsi öz dediyini edir, amma onlar daha çox iş görə bilərlər. Çünki özümüzün başına gəlməmişdi deyə, görməmişdik, tarixi kinolarda göstərirlər ki, hansısa ölkələrdə nələrsə olanda Beynəlxalq Qırmızı Xaç Komitəsi necə fəallıq göstərib. Təəssüf ki, Azərbaycanda bu beynəlxalq təşkilatın o fəallığını biz görə bilmirik. Amma yenə heç olmasa, gedəndə qəbul edirlər, qabağımıza çıxırlar, lap darvazayadək bizimlə bərabər gəlirlər, bir saatdan artıq oturub söhbət edirlər. Yəni ən azından dərdimizə şərik olurlar, məktublarımızı gec də olsa aparırlar və cavab gətirirlər. Kəsəsi, Qırmızı Xaç Komitəsi ilə birtəhər yola getmək olur, digər beynəlxalq təşkilatların heç biri nə maraqlanmır, nə də müraciətlərə reaksiya vermir. Məsələn, BMT-nin hətta özündən də reaksiya yoxdur. Bir dəfə telefonla dedilər ki, sizin bəyanatlarınızı, tələblərinizi BMT-nin İnsan Haqları üzrə Komissiyasına vermişik. Həmin komissiyada Azərbaycan nümayəndəliyinə başçılıq edən azərbaycanlıdır. Bir dəfə gedib tələbimizi vermişik, sonra bir neçə dəfə getdim ki, nəticəsini öyrənəm. Dedilər ki, telefon nömrənizi götürmüşük, İnsan Haqları üzrə Komissiyasının rezident əlaqələndiricisi Kamran müəllim gələn kimi sizə zəng olunacaq, ya sizi qəbul edəcək. Hələ də xəbər yoxdur. Adama da o ağır gəlir ki, BMT kimi nəhəng bir təşkilatda Azərbaycan xalqına və dövlətinə çox aşağı nəzərlərlə baxılır. Eyni münasibəti ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin Bakıdakı səfirliklərindən də görürük. Biz Rusiyanın Bakıdakı səfirliyinə müraciət etdik ki, Dilqəm Rusiya vətəndaşıdır, səfir Doroxin açıq şəkildə dedi bizim elə bir vətəndaşımız yoxdur. Pasportunu aparıb səfirliyə təqdim etdikdən sonra isə səs çıxmadı. Amma Rusiyanın xarici işlər naziri Lavrovun məlum çıxışı bir az ümid verir ki, nəsə müsbət bir nəticə ola bilər. Digər həmsədr ölkələrin nə özündən, nə də səfirliklərindən heç bir reaksiya yoxdur.

- Dilqəm Əsgərovla girovluqda olan Şahbaz Quliyevin ailəsi, yaxınları ilə əlaqələr hansı səviyyədədir?

- Əlaqəmiz olur, bir yerə getmək lazım olanda ya birlikdə gedirik, yaxud da birinə biz gedirik, digərinə onlar. Şahbazın yoldaşı da Rusiya vətəndaşıdır. Lavrovun çıxışından iki gün əvvəl BMT-nin Bakı ofisi qarşısında piket keçirəndə Şahbazın yoldaşı Rusiya hökumətinə, Putinə müraciət etdi. Həmin müraciət barədə televiziyalarda da məlumat verildi. Bəlkə o müraciətin də təsiri oldu – bunu deyə bilmərəm – amma hər halda, hökumətimizin gördüyü işin nəticəsi idi ki, Lavrov çıxışında girovların azad edilməli olduğunu söylədi.

- Ölkə başçısının göstərişi ilə hər iki girovun və mərhum Həsən Həsənovun ailəsinin mənzillə təmin olunması barədə göstəriş verib. Verildimi o evlər?

- Yox, hələ verilməyib. Biz cənab prezidentə buna görə minnətdarlığımızı bildiririk. Dövlətimizn başçısının diqqətinə və qayğısını hər an hiss edirik. Amma ev əsas deyil, əsas Dilqəmlə Şahbazın azadlığa buraxılmasıdır – ailələrimizin ən böyük qayğısı, dərdi və arzusu budur. Ev indiki halda Şahbazın ailəsinə daha çox lazımdır. Çünki Şahbazın özünün evi yoxdur, onun ailəsi Sumqayıtda kirayədə yaşayır. Dilqəmin isə Şəmkirdə evi var. Oğlu da, yoldaşı bu işlərlə əlaqədar tez-tez Bakıya gəlir, onda da ya bizdə qalırlar, ya da başqa qohumların evində. Əli Həsənovla görüşəndə də dedi ki, cənab prezidentin göstərişi ilə hər üç şəxsin ailəsinə mənzil veriləcək. Mən buna görə dövlətimizin başçısına da, Əli müəllimə də minnətdarlığımı bildirdim və xahiş etdim ki, mümkündürsə ev məsələsində Şahbazın ailəsinə daha çox diqqət ayrılsın. Çünki həqiqətən Şahbazın ailəsinin vəziyyəti yaxşı deyil, onun yoldaşı işləmir, həm də qızı ilə bərabər kirayədə yaşayır. Şahbazın qardaşlarının hesabına birtəhər dolanırlar, onlara ev daha vacibdir.

-Şahbazın bir övladı var?

- Bəli, 13-14 yaşında bir qızı var.

-Bəs, Dilqəm Əsgərovun neçə övladı var?

- İki qızı, iki oğlu, iki nəvəsi var. Oğlanları subaydır. Uşaqlar deyirlər ki, ev versələr də sağ olsunlar, verməsələr də, əsas atamızın azad olunmasıdır. Dilqəmin oğlu tez-tez gəlib-gedir. Yoldaşı isə lazım olanda Şəmkirdən Qırmızı Xaç Komitəsinin Bərdədəki ofisinə, biz də burada Bakı ofisə gedib-gəlirik.

-Ata 6 aydır erməni girovluğundadır, ailənin ehtiyacı, dolanışıq... Necə dolanırlar?

- Dolanırlar də. 1980-ci illərin sonlarında tikilən evdə yaşayırlar, hələ də təmirsizdir, qara suvaqlı evdir. Amma bu da dözülməz deyil, birtəhər yaşamaq da, dolanmaq da olar. O hissləri, o ağrıları ki, biz yaşayırıq... Ata-babalarımızın düşmən tapdağında qalan qəbri, dağıdılmış evlər, quru torpaq bizlər üçün daha qiymətlidir. Bizim kəndin qəbiristanlığında 101 il yaşamış çox kasıb bir qadının qəbri vardı. İndi o qəbiristanlığı ermənilər tamamilə dağıdıb, amma Çiçək adlı həmin qarının başdaşı hələ durur. Onu videolarda görəndə də adam sevinir ki, ayə, Çiçək qarının qəbri salamatdır. Yəni buna da baxanda adam bir az təsəlli tapır. Bunu başa düşmək, yaşamaq lazımdır ki, ata-baba qəbri nədir?! O yurdda, o torpaqda ki, dünyaya gəlmişik, bütün keçmişimiz ora ilə bağlıdır, ömrümüzün bir hissəsini də orada yaşamışıq... Bunu başa düşən Dilqəmgili anlayar...

Elxan Salahov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi - Ad günündə Dilqəmə acı sürpriz

    Dilqəm Əsgərovun oğlu Azərbaycanı tərk etdi - Ad ...

    30-09-2015, 14:46

  • 
  • Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina edir

    Dilqəm Əsgərov ailəsinə məktub yazmaqdan imtina ...

    25-06-2017, 17:45

  • 
  • “Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun oğlu

    “Ermənilər Dilqəm Əsgərovu zəhərləyib” - Girovun ...

    20-07-2018, 22:00

  • 
  • BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

    BQXK əməkdaşları Dilqəm Əsgərov və Şahbaz ...

    1-07-2015, 09:58

  • 
  • Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi

    Dilqəm və Şahbazdan ailələrinə xəbər gəldi ...

    1-07-2016, 17:11


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu