Baş Prokurorluq əməkdaşlarının “Azadlıq” radiosunun Bakı bürosunun ofisində apardığı axtarış-götürmə tədbirləri başa çatıb. Axtarış zamanı ofisdə olan əməkdaşları bir otağa yığaraq, onlara komputerdən istifadə etməyə icazə verməsələr də, artıq bütün əməkdaşlar ofisdən çıxarılıb. Bizimyol.info saytının məlumatına görə, onlara bildirilib ki, artıq axtarış-götürmə ilə bağlı protokol tərtib olunur. Redaksiya əməkdaşlarından yalnız iki nəfər içəridə şahid qismində saxlanılıb. Həmçinin prokurorluq əməkdaşlarının özləri ilə gətirdiyi şahidlər də var.
***
Prokurorluq işçiləri AzadlıqRadiosunun Bakıdakı ofisində axtarış işlərini başa vurub ofisin qapısını möhürləyirlər. Müstəntiq Sənan Paşayev möhürlənmə qərarını, aktın sürətini radionun təmsilçilərinə verməkdən imtina edir. Vəkil Yalçın İmanov bildirir ki, müstəntiq mühafizə üçün polis əməkdaşlarını çağırıb. Yəqin ki, qapılar möhürləndikdən sonra polisə təhvil veriləcək.
Müstəntiq yalnız onu bildirib ki, ola bilsin növbəti istintaq hərəkətləri üçün ofisə baş çəkəcəklər. Qeyd edək ki, bu gün təxminən 10.30 radələrində Baş prokurorluğun əməkdaşları AzadlıqRadiosunun Bakı bürosunda axtarışa başlayıblar. Axtarış haqda məhkəmə qərarı təqdim olunub və bildirilib ki, Bakı bürosunda aparılan axtarış Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlıdır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?