Azərbaycan Uşaqlar Birliyinin sığınacağına 4 aylıq körpə yerləşdirilib. ANS PRESS-in məlumatına görə, bu barədə virtualaz.org-a birliyin sədri Kəmalə Ağazadə məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, Bakıda bir ailədə uşağın qız doğulması ailənin dağılması ilə nəticələnib: “Kişi uşağın qız doğulmasından qəzəblənərək arvadını və körpəni öldürmək istəyib, onları ölümlə hədələyib. Buna görə də onları gizlətməyə məcbur olmuşuq”.
K.Ağazadə bu cür halların yaranmaması üçün həssas ailələrin məlumat bazasının yaradılmasını təklif edir: “Bütün dünyada bu təcrübə var. Həssas ailələrin məlumat bazası yaradılır və belə ailələr qeydiyyata alınır. Sosial xidmətçilər, psixoloqlar, eləcə də uşaq inspektorları onlarla iş aparırlar. Azərbaycanda zorakılıq qurbanlarının artması əlavə tədbirlərə ehtiyac olduğunu göstərir”.
Təşkilat rəhbəri ilin axırıncı ayında iki uşağın qəddarlıqla qətlə yetirilməsini yada saldı: “Lənkəranda iki yaşlı uşaq anası tərəfindən boğulub öldürüldü. Suraxanı rayonunda isə nənə gəlini və 6 aylıq körpəni boğaraq qətlə yetirdi. Həssas ailələrlə iş aparılmayanadək belə qətllər baş verəcək”.
K.Ağazadə deyir ki, hazırda sığınacaq evində 34 uşaq yerləşdirilib: “Orada 4 aylıqdan 18 yaşınadək uşaqlar qalırlar. Onların hamısı problemli ailələrin uşaqlarıdır. Uşaqlar arasında təzyiqlərə məruz qaldığı üçün evdən qaçanlar da var”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?