“Ekologiya ilə bağlı məsələlər prioritet olaraq qalır. Keçən il Azərbaycanda 4 milyona yaxın ağac əkilibdir. Bu, çox müsbət haldır. Bu proses həm Abşeron yarımadasında, həm bütün bölgələrdə gedir. Neftlə çirklənmiş ərazilər təmizlənir. Eyni zamanda, içməli su layihələri və digər layihələr ekoloji vəziyyətin yaxşılaşmasına xidmət göstərir.” gundemxeber.az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident İlham Əliyev daha sonra sözlərini bu cür davam etdirib: “Böyükşor gölündə işlər sürətlə gedir. Bir neçə aydan sonra Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsi başa çatacaq. Hesab edirəm ki, bu, buna oxşar bütün başqa layihələr üçün bir nümunə olacaqdır. Çünki biz bu istiqamətdə çox fəal iş aparırıq, neftlə çirklənmiş bütün yerləri, gölməçələri təmizləyirik. Bibiheybət, “Ağ şəhər”, Böyükşor. Bu il Zığ gölünün təmizlənməsi nəzərdə tutulubdur. Bu da çox önəmli layihədir. Biz Bakının ətrafında yerləşən, neftlə və lay suları ilə çirklənmiş bütün gölləri tədricən təmizləyəcəyik. Orada istirahət və əyləncə zonaları, ictimai yerlər yaradılacaq. Ümumiyyətlə, Bakıda son illərdə çoxsaylı ictimai yerlər, parklar, bağçalar yaradılır. Bu ictimai yerlərin sayına görə Bakı bəlkə də dünya miqyasında ön sıralardadır. Çünki Bakı bu gün parklar, bağçalar şəhəridir və Bakı təmiz göllər şəhəri olacaqdır. Mən buna əminəm. Böyükşor gölünün təmizlənməsinin birinci mərhələsinin bu ilin yayına qədər başa çatması, hesab edirəm, hər kəsə göstərəcək ki, biz bunu da edə bilmişik və güclü iradə olan yerdə, istənilən layihə icra edilə bilər”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?