Kənd təsərrüfatı məhsullarının bahalaşacağı ilə bağlı proqnozlar özünü dorğuldur. Lakin ekspertlər növbəti bahalaşmanın mart ayından başlayacağı proqnozunu verirlər.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına bildirib ki, benzin və dizel yanacağının qiymətinin 2 qəpik artırılması o qədər də ciddi qiymət artımı sayıla bilməz, çünki bu, o qədər də yüksək məbləğ deyil. Lakin psixoloji amillər, məhsul istehsalının azalması qiymət artımına səbəb olacaq.
"2013-cü ildə də benzinin və dizel yanacağının qiyməti artırıldı. Ötən il bahalaşma olsa da artım gözlənilən kimi hiss olunmadı. Çünki fermerlərin anbarında istehsal üçün lazım olan bütün ehtiyatları vardı. İndi isə bu ehtiyatlar tükənib. Buna görə də qiymətlərin 2 qəpik artırılması belə fermerlərin, sahibkarların bəhrələnməsinə, bahalaşmaya səbəb olacaq. Süni qiymət artımı isə qaçılmazdır” - deyə ekspert bildirir.
V.Məhərrəmovun sözlərinə görə, bazarda xaricdən gətirilən məhsullara nisbətən yerli məhsulların bahalaşacağı gözlənilir: "Xüsusilə buğdanın qiymətində artım qeydə alınacaq. Doğrudur, dünya bazarında buğdanın qiyməti düşüb. Lakin Azərbaycan Rusiya və Qazaxıstandan buğda alır. Rusiya isə ixrac olunan buğdanın hər tonunda qiymətləri 37 avro bahalaşdırıb. Qazaxıstan da Rusiyanın qiymət artımından bəhrələnərək məhsulunu fərqli qiymətə təklif edir. Azərbaycanda isə 2014-cü ildə əvvəlki ilə nisbətən buğda səpini 114 min hektar azalıb. Bu il su ilə bağlı problemlər də yaranıb, suvarma aparılmayıb. Buna görə də çörəyin qiymətində artımın baş verəcəyi gözlənilir”.
Ekspert bu ilin kənd təsərrüfatı ili elan olunmasının müsbət nəticə verəcəyinə inanır. Lakin hesab edir ki, "kənd təsərrüfatı ili” kampaniya şəklində aparılmamalıdır. Bu il kurs müəyyənləşdirilməlidir.
V.Məhərrəmov Azərbaycanda kənd təsərrüfatı üzrə mütəxəssis çatışmazlığı olduğunu deyir. Onun sözlərinə görə, kənd təsərrüfatı mürəkkəb sahədir, peşəkarlıq tələb edir. Son vaxtlar isə bu sahəyə maraq azalıb: "İdarəetmədə problemlər var. Hazırda Belarus kənd təsərrüfatının inkişafına görə əksər ölkələri qabaqlayıb. Çünki orada kadr hazırlığına, idarəetməyə ciddi münasibət var. Belarusun kənd təsərrüfatı naziri aqronomdur, müavinləri, aparıcı mütəxəssisləri də bu sahənin peşəkarlarıdır. Azərbaycanda isə istənilən sahə adamı mütəxəssis kimi işləyə bilir”.
V.Məhərrəmov ötən il qeydə alınan bahalaşmanın statistikasını da təqdim edib: "Dekabrda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabrla müqayisədə 1,5, o cümlədən birillik və çoxillik bitkilərin qiyməti uyğun olaraq 1,5 və 4,9 faiz artıb. Diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,8 faiz artıb.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri aşağıdakı qaydada artıb:
buğda - 6,4 faiz
arpa - 3,1 faiz
lobya dəni - 8,1 faiz
şəkər çuğunduru- 20,1 faiz
kələm - 3,1 faiz
kartof - 0,6 faiz
xurma - 14,7 faiz
feyxoa - 2,5 faiz
əzgil - 11,5 faiz
limon - 6,7 faiz
narıngi - 12,7 faiz
heyva - 32,9 faiz
alma - 2,4 faiz
armud- 7,5 faiz
şabalıd - 7,1 faiz
fındıq - 4,6 faiz
qoz - 2,9 faiz
süd - 0,8 faiz
qoyun əti (diri çəkidə) - 0,1 faiz
yumurta - 14,4 faiz.
Ötən ilin dekabrda ölkədə 2379 min ton taxıl istehsal olunub, bu da əvvəlki ilin eyni dövrünə nisbətən 582 min ton azdır.
Digər kənd təsərrüfatı məhsulları istehsalı: kartof -173 min ton, tərəvəz - 22 min ton, pambıq - 2 min ton, üzüm - 5 min ton, şəkər çuğunduru -14 min ton, tütün - 0,6 min ton, yaşıl çay yarpağı - 8 ton, ət istehsalı isə - 31 min ton azalıb.
Dəyər ifadəsində bitkiçilik məhsulları istehsalı 8,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 2,9 faiz azalıb.
Sorğu
Yeni dizaynımız necədir?