Yanvarın 15-də İlham Əliyevin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcəyi bildirilir.
gundemxeber.az “Azadlıq” qəzetinə istinadən xəbər verir ki, sözügedən ziyarət zamanı iki dövlət başçısının birgə rəhbərliyi ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının IV konfransı da keçiriləcək. Səfər zamanı aparılacaq danışıqlar və konfrans çərçivəsində birgə fəaliyyət, dost və qardaş iki ölkə arasındakı ikitərəfli əlaqələrin və əməkdaşlığın hərtərəfli şəkildə müzakirə olunmasına, daha da irəliyə daşınmasına imkan verəcək. Görüşlərdə həmçinin, iki ölkəni maraqlandıran regional və beynəlxalq məsələlər haqqında fikir mübadiləsi aparılacaq.
Qəzetin yazdığına görə, rəsmi məlumatdan əlavə bəzi ehtimallara görə, səfərin pərdəarxası məqamları da var. Məsələn, ehtimal olunur ki, İlham Əliyevin Türkiyəyə səfəri son günlər qardaş ölkədə yenidən gündəmə gələn “paralel yapı” ilə bağlıdır. AKP hakimiyyəti ilə Fətullah Gülən arasında münasibətlərin pozulduğu ilk dövrlərdə Rəcəb Tayyip Ərdoğan rəqibinin Azərbaycandakı dayaqlarını da sarsıtmağa çalışırdı. Hələ o zaman məlumat yayılmışdı ki, Ərdoğan Bakıya səfəri zamanı İlham Əliyevə Azərbaycan hakimiyyətindəki nurçularla bağlı siyahı təqdim edib. Bu xəbərlərin fonunda “gülənçilərlə” əlaqəli olduğu iddia edilən Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov və komandasının sıxışdırılması prosesi başlandı. Elnur Aslanov tutduğu vəzifədən azad edilərək başqa işə keçirildi. Deputat Ceyhun Osmanlı rəhbərlik etdiyi “İrəli” təşkilatına əl qoyuldu. Bundan başqa “Çağ öyrətim” məktəbləri “gülənçilər”in nəzarətində çıxarıldı. Lakin hələ o zaman iddia edilirdi ki, bu addımlar Ərdoğanı qane etməyib. Ərdoğanın tələbi ümumiyyətlə bu şəbəkənin dağıdılması, üzvlərinin sərt cəzalandırılması olub.
Ehtimal olunur ki, Ərdoğan İlham Əliyevlə görüşündə yenidən bu məsələyə qayıdacaq.
Başqa mülahizələrə görə, səfər çərçivəsində İlham Əliyev beynəlxalq aləmlə, xüsusilə ABŞ-la münasibətlərinin pozulması əsas müzakirə mövzusu ola bilər.
Ehtimallar sırasında Qərbə qarşı birgə fəaliyyətin müzakirə oluna biləcəyi də var. Məlumdur ki, hazırda Ərdoğanın da Qərblə münasibətləri ürəkaçan deyil. Mümkündür ki, Türkiyə prezidenti müttəfiq axtarışı zamanı Qərblə qarşıdurmada olan İlham Əliyevi də məqsədəuyğun sayıb.
Sorğu
Yeni dizaynımız necədir?