Dünən Sədərək rayon məhkəməsində Zülfüqar Əhmədovun sədrliyi ilə 315-ci (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 221-ci (xuliqanlıq) maddələri ilə ittiham olunan biznesmen Məhəmməd Qurbanov və onun kürəkəni Nadir Məmmədovun işi üzrə hazırlıq iclası keçirilib. Xatırladaq ki, dekabrın 8-də bu sahibkarlar Türkiyədən mal gətiriblər. Gömrükdə onlardan hər kq yük üçün 40 qəpik rüşvət tələb ediblər. Sahibkarlar pul verməkdən imtina ediblər və jurnalistləri dəvət ediblər. Lakin 10-dan çox gömrükçü onlara hücum edib və döyüb. Jurnalistlərin foro və videokameraları əllərindən alınıb, sahibkarlar isə həbs edilərək, hakimiyyət nümayəndələrinə hücumda ittiham olunublar. Daha sonra onlara qarşı cinayət işi açılıb. Vəkil Xalid Bağırovun Turana verdiyi məlumata görə, hazırlıq iclası kobud prosessual pozuntularla keçirilib: təqsirləndirilən şəxslərə vəkillərin yanında oturub məxfi şəraitdə söhbət etməyə icazə verilməyib. Bundan başqa, hakim istintaqın tələb olunan sənədləri təqdim etməməsi ilə əlaqədar işin təkrar istintaqa göndərilməsi, həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi, foto və videoçəkilişə icazə verilməsi haqqında vəsatətlərin heç birini təmin etməyib. “Hakim vəsatətlərə məhəl qoymayıb, heç bir qərar çıxarmayıb və sonda mahiyyəti üzrə dinləmələri fevralın 6-na təyin edib”, deyə Bağırov bildirib. Vəkil müvəkkilləri ilə görüş üçün istintaq təcridxanasına buraxılmadığını xüsusilə vurğulayıb. “Mən təcrübəmdə ilk dəfə belə bir şeylə qarşılaşıram”, deyə Bağırov qeyd edib. Öz növbəsində, məhbusların yaxınları istintaq zamanı pis rəftar və döyülmə ilə əlaqədar onların səhhətlərinin kəskin şəkildə pisləşdiyini bildiriblər. Qeyd edək ki, bəzi hüquq müdafiəçiləri Məmmədovu və Qurbanovu siyasi məhbus hesab edir, belə ki, onların təqibi İctimai Palataya daxil olduqdan bir neçə gün sonra başlayıb. Bundan başqa, bu insanlar əvvəllər də öz hüquqlarını fəal şəkildə müdafiə edirdilər. “Turan”
Sorğu
Yeni dizaynımız necədir?