"Bu gün Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi"nin yayılması ilə əlaqədar Azərbaycanın Baş Dövlət Baytarlıq müfəttişi Sialə Rüstəmova 5 may 2015-ci il tarixli 27/S-03 saylı sərəncamına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar yeni sərəncam imzalayıb".
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Milli.Az-a verilən məlumata görə, 6 may 2015-ci il tarixli 27/S-04 saylı yeni sərəncama əsasən, Türkiyənin daha üç bölgəsində - İnebol, Qaraböyük və Qastamonuda quş qripinin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının, eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyənin müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamonu) sayı 12-yə çatıb.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin quş qripi xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda quş qripi xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?