Prokurorluq gizli video ilə çəkiliş edənlərə ağır cəza tələb edir
Bakı Apelyasiya Məhkəməsində ər və arvadı şantaj edən Ələt qəsəbə sakinləri Əkrəm Qayıbov, İsmayıl İbrahimov və Elman Məmmədovun cinayət işi üzrə məhkəmə başlayıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonunun Ələt qəsəbəsinin sakini Ramil Ağayev polisə ərizə ilə müraciət edərək həyat yoldaşı ilə aralarında olan mübahisəni gizli yolla mobil telefona çəkmiş həmyerliləri Əkrəm Qayıbov, Elman Məmmədov və İsmayıl İbrahimovun videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyib və ondan 500 manat pul tələb etdiklərini bildirib.
Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində İsmayıl İbrahimov, Elman Məmmədov və Əkrəm Qayıbov 500 manat pulu Ramil Ağayevdən alarkən saxlanılıblar. Onlardan videoyazı olan mobil telefon da aşkar edilərək götürülüb.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əkrəm Qayibov 7, İsmayıl İbrahimov isə 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilən Elman Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və onun cəzası şərti hesab edilib.
Hökmdən narazı qalan Baş Prokurorluq apelyasiya protesti verərək təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını tələb edib. Həmçinin, təqsirləndirilən şəxslərdə apelyasiya şikayəti verərək cəzalarının yüngülləşdirilməsini məhkəmə kollegiyasında xahiş ediblər. Tərəflərin şikayətinə hakim Əmir Bayramovun sədrlik etdiyi kollegiyada baxılır. Məhkəmənin ilkin baxış iclası mayın 29-na təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?