30 iyun Azərbaycanda milli Sevgililər Günü kimi qeyd olunur.
Bu günün tarixi 1990-cı il 20 Yanvar faciəsi zamanı həlak olan İlham və onun şəhid olmasına dözməyib özünə qəsd edən həyat yoldaşı Fərizənin toy günü ilə əlaqədardır.
İlham Allahverdiyev 1962-ci ildə Ağdamda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. Uşaqlığının bir hissəsini Ağdamda - nənəsinin yanında keçirib. Sonra hərbi xidmətə gedib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Gəmi Təmiri Zavodunda işləməyə başlayıb. Hazırda həmin zavod İlham Allahverdiyevin adını daşıyır. 1989-cu ilin 30 iyununda da vağzalı sədaları altında Fərizə İlhamgilə köçüb. 1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəlirlər. Amma yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasıgilin yanına aparır. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra İlham əyninə qara paltar geyinib evdən çıxır. İlham həmin gecə hazırkı "20 Yanvar" dairəsində vurulub.
Ailə İlhamı həmin günü xəstəxanalardan birində tapıb. Əvvəlcə Xırdalandakı qəbristanlıqda dəfn ediblər. Amma sonradan oradan çıxarıb Şəhidlər xiyabanına aparıblar.
Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib. Birinci dəfə özünü yandırmaq istəyib, amma qarşısını alıblar. Amma qərarında qəti olan Fərizə gecə hər kəsi yuxuya verəndən sonra bir qab sirkəni içir. Və məktub yazmaq istəyir. Amma göz yaşı içində bir-iki cümlə yazandan sonra ardını gətirə bilmir. Bətnindəki körpəni də özü ilə məzara aparır...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?