Fast-fud qidaları insan orqanizminə ən azı alkoqol qədər mənfi təsir edir. Alkoqollu içki də, fast-fud qidaları da qaraciyərin fəaliyyətinə mənfi təsir göstərir, müəyyən pozğunluqlar yaradır.
Amerikalı alilmərin bu yaxınlarda apardıqları araşdırma nəticəsində məlum olub ki, fast-fud uşaqların təhsil almalarına mənfi təsir göstərir. Gündəlik rasionunu daha çox fast-fud təşkil edən məktəblilərin qavrama qabiliyyəti zəif olur. Onlar dərsləri sağlam qida qəbul edən həmyaşıdlarından daha az mənimsəyə bilirlər.
Bütün dünyada yığışdırılmalıdır
Tibb elmləri doktoru, professor Adil Qeybulla hesab edir ki, fast-fud dünyada yığışdırılmalıdır. Bu həyəcan təbili artıq bütün dünyada çalınır.
"Əvvəla, fast-fudların ən böyük problemi ondan ibarətdir ki, burada fasiləsiz və tez bir zamanda qidanın hazırlanması mexanizmi işlənib hazırlanıb, ancaq bu xeyli dərəcədə ziyanlıdır. Burada istifadə edilən yağlar dəyişdirilmədən dəfələrlə istifadə edilir. Mən bir neçə dəfə diqqət eləmişəm. "McDonald`s"da fri kartoflarını metal qabda qaynayan yağa salırlar. 5-10 dəqiqədən sonra onu çıxarırlar və dərhal növbəti porsiya qoyulur. Həmin yağ gün ərzində 5-6 saat qaynayır. Bu da yağda müxtəlif kanserogenlərin, həzm, mədə-bağırsaq sisteminə mənfi təsir göstərən inqrediyentlərin əmələ gəlməsinə səbəb olur", - deyə professor əlavə edib.
O hesab edir ki, orada istifadə edilən ət məhsullarının və digər məhsulların keyfiyyəti də yaxşı deyil. Fast-fudların istifadəsi bu gün bütün dünyada müzakirə mövzusudur.
"Hətta fast-fudun yaratdığı təhlükə genetik modifikasiya olunmuş məhsullardan daha çoxdur. Fast-fud birbaşa müxtəlif oksidantların, xərçəng əmələ gətirmə xüsusiyyətlərinə malik sərbəst radikalların bədənə daxil olmasıdır. Bu qidalardan əsasən reproduktiv (nəsil artırma) qabiliyyəti olan və milli genofondun əsas hissəsi gənc nəsil istifadə edir. Fast-fud reproduktiv sağlamlığa da mənfi təsir göstərir. Ancaq bizim milli mətbəximizdə bu cür ziyanlı şeylər ümumiyyətlə yoxdur", - Adil Qeybulla bildirib.
Rusiya da yox deyir
Artıq bəzi ölkələrdə fast-fud reklamlarının qadağası məsələsi gündəmə gəlir. Rusiyanın Dövlət Dumasının "Yedinaya Rossiya" partiyasından olan deputatı Vasili Şestakov təklif edib ki, ölkə ərazisində fast-fud reklamları alkoqol reklamı ilə eyniləşdirilsin.
Deputat hesab edir ki, bu mallar insan orqanizmi üçün ən azı spirtli içki qədər ziyandır.
"Yüksək şəkər, duz və yağlılıq miqdarı olan qida anlayışını dəqiqləşdirmək və mətbuatda, televiziya və radioda belə məhsulların reklamını 07:00-dan 22:00-a qədər məhdudlaşdırmaq lazımdır", - deyə o əlavə edib.
Şestakov təkliflərini artıq baxılması üçün Dövlət Dumasına təqdim edib. Bu siyahıya qazlı içkilər, çipslər, marqarin və şirniyyat məhsulları, o cümlədən bəzi növ ət məhsulları da daxildir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?