“İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq”
“İlin axırına qədər iqtisadi artımın yüksək templəri və makroiqtisadi inkişaf templəri saxlanılması, dövlət investisiya proqramları, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsi vacibdir”.
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev bunu bu gün Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.
Dövlət başçısı bölgələrin qaz, su və elektrik enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verib. Prezident İlham Əliyev bu layihələrin tam icrası ilə bağlı müvafiq vəsaitlər ayrılacağını, ölkədə meliorasiya tədbirləri davam etdirildiyini, sənayeləşmə prosesi uğurla getdiyi vurğulayıb. Dövlət başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətə davamlı məhsulların istehsal olunması və yeni iş yerlərinin yaradılması ilə bağlı göstərişlər verib, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, vergi daxilolmalarının tam təmin olunması, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışıb: “Yaxın vaxtlarda dərman preparatlarının qiyməti tənzimlənəcək və bu sahədə şəffaflıq təmin olunacaq. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manat vəsait ayrılacaq”.
Prezident İlham Əliyev bildirib ki, paytaxtda ekoloji vəziyyət getdikcə yaxşılaşır, Böyük Şor gölünün təmizlənməsi prosesi davam edir, Birinci Avropa Oyunlarından sonra ölkəmizə turist axını daha da sürətlənib.
Dövlət başçısı turistlərə viza verilməsinin tezləşdirilməsinin, aviabiletlərin və hotellərin qiymətinin aşağı salınmasının vacibliyini vurğulayıb: “Birinci Avropa Oyunlarının keçirilməsi tarixi hadisə idi, bu Oyunlar Olimpiya Oyunları səviyyəsində keçirildi. Bu isə ölkəmizin potensialını və gücünü göstərdi. 21-i qızıl olmaqla, ümumilikdə 56 medal qazanan idmançılarımız həm də Azərbaycanın idman ölkəsi olduğunu sübut etdilər. Birinci Avropa Oyunları xalqımızın və dövlətimizin təntənəsinə çevrildi”. *** Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çox sərt danışıb.AzNews.az xəbər verir ki, prezident iclasda bir çox məsələlərlə bağlı problemləri sadalayıb və onların həll edilməsi üçün aidiyyəti üzrə tapşırıqlarını verib. Ölkə başçısı xüsusi olaraq qeyd edib ki, Azərbaycanda sahibkarlığın inkişafı ilə bağlı problemlər hələ də aktualdır. İlham Əliyev son günlər daha çox müzakirə mövzusuna çevrilən AZAL-da biletlərin qiymətlərin bahalılığı məsələsinə də toxunub, bildirib ki, biletlər həddindən artıq bahadır və bu məsələ tez bir zamanda nizama salınmalıdır. Prezident eyni zamanda ölkədə fəaliyyət göstərən otellərdəki qiymətlərin xidmət səviyyəsinə uyğun gəlməməsini və bunun da turizmin inkişafına mənfi təsirini göstərdiyini də vurğulayıb. İ.Əliyev Azərbaycanın Xarici İşlər Nazirliyinin fəaliyyətini də tənqid edib. Prezident bildirib ki, bundan sonra Azərbaycanın xarici siyasəti ölkələrin bizə qarşı münasibətinə adekvat qurulmalıdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?