1959-cu il dekabr 1-də doğulub. 1980-ci ilin əvvəllərindən gizli siyasi dərnəklərdə fəaliyyətə başlayıb. O zaman daxili işlər orqanlarında çalışıb.
Azərbaycanda Milli Azadlıq Hərəkatının öncüllərindəndir.
1986-ci ildə, Qorbaçov dönəmində, Qarabağ təhlükəsinin yaxınlaşdığından məlumatlı olduğuna görə, milis orqanlarından istefa verib, Qubadlıya, Zəngilana dönüb və gizli siyasi fəaliyyətini o bölgələrdə davam etdirib.
1988-1991-ci illərdə erməni təcavüzünə qarşı silahlı müdafiə dəstələrinin yaradıcılarından, AXC-nin Zəngilan-Qubadlı şöbəsinin təsisçilərindən olub.
1990-ci ilin may ayına qədər həbslərdə və həmən vaxtdan Rus Hərbi Komendantının qadağası ilə 1991-ci ilin avqust ayına kimi rayon ərazisinə buraxılmayıb, Bakıda “sürgün”də yaşayıb.
1988 Meydan Hərəkatından başlayaraq Bakı, Qubadlı, Zəngilan, Ağdam, Xankəndi, Tiflis, Rostov, Novo-Çerkasski həbsxanalarında həbsdə saxlanılıb. Qubadlı, Şuşa, Laçın, Zəngilan, Cəbrayıl, Fizuli, Ağdam döyüş bölgələrində iştirak edib.
1991-ci 1993-cü illərdə Qubadlıda 846 saylı hərbi hissənin komandiri, 706 saylı briqadada komandi müavini olub.
Geri çəkilmək əmri verildi
Qubadlıdakı hərbi birləşmələr Qubadlı işğal olunan günə qədər öz ərazisini qoruyub müdafiə etməklə yanaşı, Laçın rayonunun bir neçə kəndini: Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi, Quşçular, Türklər, Güləbird, aşağı Fərəcan, yuxarı Fərəcan kəndini işğaldan azad edib, sol cinahdan Qızqəbiri, öndən Məzmindağ, sağ cinahdan Arpakədik adlanan yüksəklikləri nəzarətə götürmüşdü.
1992-ci ilin may ayının 18-də Laçın işğal olundu. 19-u səhər 2-ci batalyonun şəxsi heyəti ilə Laçın istiqamətində hücuma keçdik. Laçının 2 km-liyinə kimi irəlilədik və Tikanzəmi adlanan əraziyə çatıb, Tikanzəmidə Laçın alayının qüvvələri ilə birləşdik. Lakin orada qüvvələrimizin azlığını əsas gətirib geri çəkilmək göstərişi verdilər.
Biləsuvar uşaqları
1992-ci ilin iyun ayında Laçının Güləbird, iyul ayının 29-da isə 2-ci batalyonun qüvvələri (Biləsuvar uşaqları. Taqım komandirləri: Qədir və Nadir idi) Laçının işğal altında qalan Aşağı Cicimli, Yuxarı Cicimli, Qazıdərəsi kəndlərini işğaldan azad etməklə, Qızqəbiri yüksəkliyini düşməni böyük itkiyə məruz qoyub geriyə atdılar və heç bir itki vermədən (təkcə komandir Qədir baldırından yaralanmışdı) azad etdilər və həmən ərazi 2-ci batalyonun nəzarətinə götürüldü.
1992-ci il avqust ayının 7-də “Qaranquş” kəşfiyyat-diversiya dəstəsi Laçın rayonunun Səfiyan, Quşçular, Türklər kəndi və Susuzdağ yüksəkliyi istiqamətində əməliyyat apararkən dəstənin bir üzvü Milli Qəhrəman Aqil Əliyev şəhid oldu.
İki Milli Qəhrəman...
1992-ci ilin sentyabr ayının 25-də Laçın istiqamətində “2-ci Laçın əməliyyatı” adı altında genişmiqyaslı hücum başladı. Qüvvələrimiz düşmənin güclü müqavimətinə baxmayaraq, ikinci dəfə Laçının 2 kilometrliyinə kimi irəlilədi. 40 km.-lik məsafəni 10 günlük qızğın döyüşlə və kütləvi itki versək də irəliləyə bilmişdik. Bu əməliyyata ölkənin digər bölgələrindən, o cümlədən, Bakıdan reaktiv artilleriya, Lənkəran diviziyası, Qusar batalyonu və s. qüvvələr də cəlb olunmuşdu. Qubadlıda olan hərbi birləşmənin şəxsi heyəti Ermənistanla olan 125 km.-lik sərhədi qorumaqla yanaşı, həmən əməliyyatın önündə idi. Rəhmətlik Milli Qəhrəman Kərəm Mirzəyev Laçının Mazutlu kəndi ərazisində, Milli Qəhrəman Əliyar Əliyev isə Tikanzəmidə şəhid oldu. Laçının işğalından sonra ikinci dəfə Laçının 2 km.-liyinə, Tikanzəmi adlanan əraziyə qədər irəliləsək də, bacarıqsız generallar üzündən bu uğuru əldə saxlaya bilmədik.
Bir nəfər erməni də xilas ola bilmədi
1992-ci il oktyabrın 14-də əks-hücuma keçən düşmən Qubadlının Topağac yüksəkliyini ələ keçirdi. 2 həftəlik qızğın döyüşlərdə 35 şəhid verdik, 92 nəfər yaralandı, 5 nəfərimiz itkin düşdü. Bütün bunlara baxmayaraq, oktyabrin 27-də Topağac yüksəkliyi azad olundu. Düşmən yerindəcə məhv edildi və bir nəfəri də xilas ola bilmədi. Qüvvələrimiz düşmənin xeyli sayda silah və sursatını ələ keçirdi. 1992-ci ilin noyabr ayında Prezident Qvardiyasının komandanı rəhmətlik Tahir Məmmədovla 3-cü dəfə düşmənin nəzarətinə keçmiş Məzmindağ yüksəkliyini düşməndən azad etmək üçün əməliyyat hazırlamaq qərarına gəldik. Qərarlaşdırdıq ki, ilkin kəşfiyyat bilgilərini ikimiz əldə edək. Meşə ilə bizim nəzarətimizdə olan Pirdağ istiqamətinə yollandıq. Yenicə qeydiyyatlarımızı aparmağa başlamışdıq. Gündüz olsa da, meşə sakitlik idi. Meşənin qalınlığında uzaqdan kiminsə ayaq səslərini eşitdik və silahlarımızı hazır vəziyyətə gətirib səssizcə gizlinə keçdik. Hərbi formada olan şəxsə silahı tuşlayıb rusca: “Dayan! Tərpənmə! Silahını at!” əmrini verdik. Amma yanılmışdıq. Bu, dəyərli zabitimiz polkovnik Firudin Şabanov idi. O da Məzmindağ yüksəkliyi ilə eyni paraleldə olan Arpagədik yüksəkliyini azad etmək üçün kəşfiyyat apardığını dedi. 2 gündən sonra Məzmindağı Qvardiya, 3-cü gün Arpagədiyi isə 3-cü batalyonun qüvvələri azad elədi.
Dişi ilə qəlpə çıxarmaq
10 dekabr, 1992. Səhər saat 6-30-da Yuxarı Cibiklinin rayon mərkəzində yerləşən 2-ci batalyonun qərargahı ilə birbaşa xətli rabitə kəsilir. Saat 6:45-də ratsiya ilə xəbər alırıq ki, ermənilər hücuma keçib. Saat 7 radələrində Əyindağ adlanan yüksəkliyin düşmən tərəfindən ələ keçirildiyi, Cibiklidə qızğın döyüşün getdiyi, Həsən Qorxmazın yaralandığı, Rəfaillə Tərlanın şəhid olduğu, Yuxarı Cibikli kəndinin işğal olunduğu məlumatı gəlir. Rəfaillə Tərlan düşmənlə qeyri-bərabər əlbəyaxa süngü döyüşündə şəhid olurlar. Qubadlı polisi və 2-ci batalyonun qüvvələri kömək üçün döyüşə atılır. Saat 17:30-a qədər döyüş gedir. Döyüş zamanı erməni tərəfdən snayperlər durmadan işləyirlər. Polis rəisi E. Paşayevin və mənim baş nahiyyəmizdən snayper gülləsi sıyırıb keçir. Əsgər Yaşar Sultanov sayıqlığı və cəldliyi, özünü üstümə ataraq məni xilas etsə də, ermənilərin AQS silahından açdığı atəşin mərmisindən qəlpə sağ diz qapağımın yanına sancılır. Yaşar ucu az görsənən iynəyəbənzər AQS qəlpəsini dişi ilə dizimdən çıxardır və buna əhəmiyyət verməyib yenə mərkəzdən polislərlə hücumu davam edirik. Sağ cinahdan bölük komandiri Həsən Qorxmazın müavini Mayılın qardaşı Mais öz dəstəsi ilə, sol cinahda isə taqım komandiri Yəhya irəliləyir. Sonra Polis əməliyyatçısı Bəşirin (hazırda Qubadlı pasport masa rəisi) alnının ortasından güllə dəyir, amma vəziyyəti ağırlaşsa da, yara öldürücü olmur. Taleyimizdə şəhidlik yoxmuş. Kənd azad olunandan sonra Bəşiri ziyarət edən döyüş yoldaşları: “Bəşir bəy, alnındakı çapıq sənə çox yaraşır”, - deyə zarafat edirdilər. Axşama yaxın hər tərəfi qatı duman alır və döyüş dayanır. Xəbər gəlir ki, Həsən Qorxmazı xilas etmək mümkün olmayıb. Döyüşçülərlə söz verdik ki, yalnız kəndi azad etdikdən sonra Həsən Qorxmazın dəfnində iştirak olunsun. Belə də oldu. Kənd işğal olunandan təxminən 25-30 saat sonra, dekabrın 11-i səhər saat 11 radələrində duman çəkilər-çəkilməz qüvvələrimiz tərəfindən Yuxarı Cibikli azad olundu və biz dəfnə getdik. Əyindağ yüksəkliyi də ordumuz tərəfindən geri qaytarıldı. Dekabrın 10-da ermənilər Zəngilana da hücum edib 12 kəndimizi işğal etmişdilər. Dekabrın 12-i isə Zəngilana kömək üçün yola düşdük.
Xalq ilə Ordu bir idi
Qubadlıda özülü yerli əhalidən formalaşmış 706 saylı briqada tam komplektləşmiş, ştat strukturu yerli-yerində, döyüş təcrübəsi olan, nizam-intizamlı nümunəvi bir hərbi hissə idi. Əsgərlərin geyim, yemək, silah-sursat, texnika problemi yox idi. O zaman MN–dən gələn yoxlamalar da bunu təsdiq edirdilər. Demək olar ki , bütün postlara səhra hamamı tikilirdi. Əsgər cəbhə xətindəki yeraltı kazarmalarda ağ yataqda yatırdı. Mütəmadi olaraq bütün şəxsi heyət tibbi yoxlamadan keçirdi. Bütün bunlar yeni yaranmış ordumuz üçün çox böyük göstərici idi. Ən başlıcası isə bütün orduda vətənpərvərlik ruhu yaradılmışdı. İndi bəlkə də bir çoxlarına təəccüblü gələr, amma o zaman komandirlər xüsusi əməliyyatlara əsgəri seçib göndərərkən digər əsgərlər hətta etiraz edirdilər ki, bəs biz nəyə lazimiq, bizi niyə döyüşə göndərmirsiz?.. Orduda, eyni zamanda, yerli əhalidə yüksək döyüş ruhu var idi. Ağır döyüşlər olanda arxa cəbhə yaranırdı, mülki əhali silahlanaraq döyüş hazırlığı vəziyyətinə gəlirdi. Həm də ordunun arxasında xalqın, yerli əhalinin durduğunu əsgər hiss edirdi. Mövqedə duran əsgərə müdafiə olunan kənd könüllü olaraq hər cür yardim edirdi, qayğı göstərirdi, qeyri-sərhəd kəndlərinin əhalisi daim öndə-sərhəddə olanları öz qayğısı ilə diqqətdə saxlayırdı. Bu haqda sənədlər-sərəncamlar var.
Bizimlə ruslar döyüşürdü
Erməni tərəfdə olan və bütün döyüşlərdə bizimlə qarşı-qarşıya gələn rusun 7-ci nizami ordusu idi. Düzdür, ruslar bizimlə olan döyüşlərdə çalışırdılar ki, öz iştirakları ilə bağlı iz buraxmasınlar. Lakin döyüşlərdə düşmən tərəfdə rusların da olması bizim gözümüzdən yayınmırdı və kəşfiyyat məlumatlarımızda özünü təsdiq edirdi. Ermənini və onun başıpozuq, əksəriyyətinin xaricdən muzdla gətirilmiş yarıac-yarıtox formalaşmış silahlı birləşmələrini heç vaxt ciddi qüvvə saymırdıq. Hətta 1992-ci il oktyabrin 12-də Qubadlının Çardaqlı kəndində ermənilərlə mənim də iştirak etdiyim görüş zamanı Ermənistan tərəfin nümayəndə heyətinin rəhbəri Saakyanın Azərbaycanın nümayəndə heyətinin rəhbəri rəhmətlik Afiyəddin Cəlilova türkcə: “Ara, biz sizə nə edirik ki? Gorusun, Qafanın 25-30 faiz əhalisi qalıb, hamısını eləyən bunlardı”, - özlərilə gələn rusa işarə edərək deməsindən də açıq sezmək oldu.
Əsirə çırtma vurmamışdıq
Çalışırdıq ki, əsirlər incidilməsin. Buna baxmayaraq, nəzarətdən qaçan hallar olurdu. Hətta bir dəfə Zəngilanın 12 kəndi işğal olunduğu zaman əsir götürülmüş 75 yaşlı qadınımızı və 4 nəfər cəsədi, onlarda qalan polisimizi vermədikdə məcbur olduq biz də onlardan əsir gətirək ki, dəyişək. Bu məqsədlə, 2-ci batalyonun bölük komandiri Mail bəy Qafandan, Görusun polis rəisinin bacısı əri Vartanı və sürücü Sasunu “Kamaz” markalı maşını ilə birlikdə əsir gətirmişdi. Əsirlər təhlükəsizlik baxımından polis idarəsində saxlanılırdı. Bakıdan döyüş bölgəsinə ezamiyyətə gəlmiş bir polisin əsirləri vurmaq istədiyinin şahidi oldum və buna imkan vermədim. Dedim ki, həyatını təhlükəyə atıb o əsirləri gətirən oğul onlara bir çırtma da vurmayıb, sən niyə vurursan?!. Bir də ki onlar əsirdilər. Əsir olmaq, insanın ən ümidsiz və çarəsiz məqamıdır...
Sima xanım maşınıma minib dedi ki...
Hissəmizdə yerli əhalidən olan tibb bacıları var idi. Hələ 1990-cı ildə, sərhəd kəndimiz Yuxarı Cibiklidən olan Gülnarə xanım döyüş vaxtı ağır yaralanmış, çoxlu qan itirmişdi. Vəziyyəti ağır olduğuna görə Bakıya gətirilmişdi. Biz də rayondan bir neçə nəfər ona qan vermək üçün gəldik. Gülnarə xilas olundu. Yuxarı Cibiklidə Həsən Qorxmazın bölüyündə rəhmətlik Rahilə, 2-ci batalyonda İlhamə, Dilşad və Sima xanım tibb bacıları olsalar da, döyüş səngərlərində əsgərlərlə bir yerdə əllərində silah düşmənlə döyüşürdülər. Sima xanım 3-cü batalyonda xidmət edən xalası oğlu ilə ailə qurdu və özü də xidmətini 3-cü bataloynda davam elədi. Onunla bağlı bir xatirəm var...
1993-cü il avqust ayının 18-dən başlayaraq rayonda vəziyyət çox gərgin idi. Düşmən tərəfin hücumları səngimək bilmirdi. 20-si axşam Briqada komandiri İlqar Məmmədov 706 saylı briqadanın Balasoltanlı kəndi ərazisində yerləşən qərargahında, o vaxt hələ müdafiə nazirini səlahiyyətlərini həyata keçirən Səfər Əbiyevin, mərhum MN-nin arxa cəbhə üzrə müavini Vahid Musayevin yanında mənə dedi ki, kəşfiyyat məlumatına görə, boşaldılmış 4 kəndimizin: Milanlı, Hat, Deşdəhat və Başarat kəndlərinin hərəsində düşmənin 500 canlı qüvvəsi var və bunu dəqiqləşdirməyimiz vacibdi. Baxmayaraq ki, mənim bütün səlahiyyətlərim artıq dayandırılmışdı, S.Əbiyev və V.Musayev məndən kömək etməyimi istədilər. Ayın 21-i səhər İşıq idarəsinin müdiri Adil Mehdiyevlə onun xidməti UAZ maşınına oturub Başarat istiqamətinə getdim. Kənddən bir az aralı 3-cü batalyonun döyüşçülərinə və kəndi tərk etmiş əhaliyə rast gəldim. Sima xanım və həyat yoldaşı da onların arasıda idilər. Onlar da mənə eyni məlumatı verdilər ki, kənddə düşmən qüvvələri var. Təkbaşına olsa da, kəndə girəcəyimi əsəbi şəkildə dedim və Adilin maşınının sükanına əyləşəndə, maşının arxa qapısından Sima xanımın əyləşdiyini görərkən: “Sima xanım, siz hara? Mən özüm bilmirəm məni orada nə gözləyir”, - dedim. Sima xanım mənimlə kəndə girəcəyini çox israr etdi və dedi: ”Bəy, mənim kimi minlərlə qadının həyatı sizin həyatınızdan qiymətli ola bilməz. Əgər görsəniz vəziyyət kritikdir və mənim əsir düşmək təhlükəm var, məni güllələyin. Mən sizinlə gedəcəm”. Onun bu sözündən sonra həyat yoldaşı və əslən başaratlı olan Əşir də mənim idarə etdiyim maşına əyləşdi. Maşını tərpədəndə orda olan 10 nəfərə yaxın əsgər də digər yük maşınına minib arxamca Başarat kəndinə girdilər. Ehtiyatla kəndi müşahidə edəndə 3-cü batalyonun kənddə yerləşən kazarmasına gəldik. Kazarma boş olsa da, rabitə otağında bir işlək vəziyyətdə olan ratsiya ilə briqada komandiri İlqar Məmmədova kəndin boş olması barədə məlumatı çatdırdım. Kənd boş idi. Verilən kəşfiyyat məlumatlarının yalan və bunun bir təxribat əməli olması təsdiq olundu. 21 avqustda Başaratdan qayıdarkən səhv kəşfiyyat məlumatı gətirən qüvvələr tərəfindən ağır yaralandım və hospitala düşdüm. Aldıqları tapşırıq mənim həyatdan götürülməyim olsa da, bunu edə bilmədilər. Hətta sonradan, avqustun 24-də, kimlikləri məlum olmayan bir silahlı dəstə yaşadığım kəndə girib məni yaralı vəziyyətdə yatdığım qohumumun evində öldürməyə cəhd etsə də, etibarlı dostların müqavimətinə rast gəlib çıxıb getmişdilər. Dostlar, avqustun 25-də mənim rayondan çıxışıma imkan verilmədiyi bir vaxtda, bütün nəzarət postlarına tapşırıqlar olduğu halda, məni yaralı vəziyyətdə xərəklə gizlincə Bakıya gətirdilər. O zamandan da ordudan təcrid olundum… Avqustun 31-isə rayon işğal olundu.
Ermənilər dərk etsə ki...
2008-2009-cu ildə rəhmətlik dostum Müslüm Əlioğlu ilə birgə yazdığımız “Fərari” romanı var. Hazır ssenaridir. Çalışmışıq, əxlaqi dəyərləri önə çıxardaq. Qarabağ savaşının, erməni düşmənçiliyinin əsil mahiyyətini üzə çıxardaq. Əsərdə çalışılıb ki, Rusiyanın erməni adı altında işğal etdiyi torpaqlarımızın əsil işğal səbəblərini xalqımıza və dünyaya çatdıra bilək. Gerçəkləri, doğruları, baş verən hadisələrin əsil mahiyyətini bilməyən xalq döyüş meydanında tərəddüdlü olar. Əgər ermənilər Qarabağ müharibəsinin əsil mahiyyətini tam dərk edə bilsələr, heç vaxt əllərinə silah alıb döyüşməzlər. Gec-tez onlar bunu dərk edəcəklər…
Son döyüş
Qubadlının işğalı qarışıq bir dövrə düşmüşdü. Son döyüş, yuxarıda qeyd elədiyim kimi, Başarat kəndinə girməyim olub. Hələ 1993-cü ilin ilyul ayının 16-da 706 saylı briqadamızın o vaxtkı komandiri Rasim Muxtarov və rayon İH-nin başçısı Elxan Nuriyev mənimlə görüşüb, 1 ay, ayyarımlığa rayondan getməyimi məsləhət görmüşdülər. Onlara cavabım “Qubadlının ağır durumunda buradan ancaq meyidim çıxa bilər“, - olmuşdu. Dostlarla Qubadlının işğal təhlükəsinə 100 faiz əmin olacağımız halda, geriyə çəkilmək deyil, müdafiə olunmaq deyil, irəliləmək, Ermənistan sərhədlərini keçib, bir batalyonun Qafan, bir batalyonun isə Gorus şəhərinə girməsini gizlicə qərarlaşdırmışdıq. Məqsəd düşmənin planlarını alt-üst etmək idi. Düşmənin hərbi hücum, işğal etmək taktikası həmişə əsasən Qarabağ istiqamətindən olduğuna görə Ermənistanla olan sərhədlərdə düşmən qüvvələri demək olar ki, çox az sayda, döyüş deyil, sadəcə, sərhədlərə nəzarət səviyyəsində olurdu. Əsas qüvvələrini Qarabağ istiqamətindən olan tərəfə yönəldirdilər. Hətta işğal zamanı Qubadlıda güclü müqavimətə rast gələn düşmənlər Gorusda yerləşən “Davud Sasunski” adına olan alayı da Qarabağa göndərmişdilər. Bu haqda əlimizdə kəşfiyyat məlumatları da var idi və bu Qubadlının işğalı ilə bağlı məhkəmə materiallarında da öz təsdiqini tapıb. Düşünürəm, yəqin ki, qərarımız barədə sızma olmuşdu deyə, ideya müəllifi olduğuma görə məni zərərsizləşdirmək və ya bir yolluq sıradan çıxartmaq istəyən qüvvələr əməli fəaliyyətə keçdilər və məni sıradan çıxarda bildilər. 1993-cü il avqustun 21-də yaralandım və ordudan təcrid edildim.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?