Avropa Parlamentində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr qətnamənin qəbulu ilə başa çatıb. Qətnaməni Avropa Parlamentindəki bütün siyasi partiyalar dəstəkləyib. Səsverməyə qatılan 365 nəfərin 202-si antiazərbaycan qətnaməyə səs verib.
Qətnamədə Azərbaycanda repressiyaların miqyasının artdığı, həbs olunan jurnalistlərin və hüquq müdafiəçilərinin sayının çoxaldığı bildirilir. Onların dərhal və heç bir şərtsiz azad olunmasına çağırış yer alır.
Sənəd həmçinin Avropa Komissiyası ilə üzv ölkələri Azərbaycanda davam edən təqiblərə güclü və birgə cavab verməyə, habelə siyasi təqiblərdə əli olan hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmağa çağırır.
Qəbul olunmuş qətnamənin layihəsini Avropa parlamentinə liberal-demokratlardan ibarət fraksiya (ALDE qrup) hazırlayıb. Son anda sənəd AP-dəki bütün fraksiyalar adından müzakirəyə təqdim edilib.
Virtualaz.org saytı xəbər verir ki, qətnamə layihəsinin mətni bu gün Avropa Parlamentinin saytında yerləşdirilmişdi. Layihənin müəllifləri qeyd edirdi ki, sənədi hazırlayarkən Avropa Parlamentinin Azərbaycanda insan haqlarının vəziyyətinə dair əvvəlki qətnamələrini; Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası və s. qurumların rəhbərlərinin bu ölkədəki repressiyalarla bağlı son dövrlərdə verdikləri bəyanatları; həmçinin Leyla və Arif Yunuslar, Xədicə Ismayılovanın barəsindəki hökmə bağlı beynəlxalq rəyləri; Avropa İttifaqı ilə Azərbaycan arasında 1999-cu ildən qüvvəyə minmiş münasibətləri, o cümlədən Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı proqramları çərçivəsində əməkdaşlığı nəzərə alıblar.
Qətnamənin 17-ci bəndində deyilirdi ki, Avropa Parlamenti Avropa İttifaqı Şurasını Azərbaycanda insan haqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı ünvanlı sanksiyaların mümkünlüyü məsələsinə baxmağa çağırmalıdır.
18-ci bənddə vurğulanırdı ki, Avropa Parlamenti Azərbaycan hökumətini ATƏT-in Bakı ofisinin qapadılmasına dair qərarını ləğv etməyə və bu təşkilatla tam əməkdaşlığa çağırmalıdır.
Qətnamə layihəsinin müəllifləri 21-ci bənddə bəyan edirdilər ki, Avropa Parlamenti Avropa İttifaqına üzv dövlətləri, həmçinin Avropa Xarici Siyasət İdarəsini Azərbaycandakı seçkini müşahidə etməkdən çəkinməyə çağırmalıdır. Çünki ölkə hazırkı şərtlər altında istənilən müşahidə missiyası mənasızdır və çox ciddi qüsurları olan seçki mühitinin legitimləşdirilməsinə xidmət etməkdən başqa bir şey olmayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?