Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında noyabrın 1-nə Milli Məclisə təyin edilmiş seçkilərdə öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Elza Seyidcahanın müaciətinə baxılıb.
Trend-in məlumatına görə, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüş E.Seyidcahan dairə seçki komissiyasının onun namizədliyini qeydə almaqdan imtina edən qərarı ilə bağlı şikayət edib.
İclasda bildirilib ki, dairə seçki komissiyası E.Seyidcahanın namizədliyini qeydə almamaqda onu əsas gətirib ki, onun namizədliyinin qeydə alınması üçün təqdim edilən 550 imzadan 43 imza saxta hesab olunub və 180 seçici imzalarının etibarsız hesab edilməsi barədə seçicilər DSK-ya müraciət edib.
İclasda qeyd olunub ki, araşdırma zamanı məlum olub ki, 180 müraciətdən yalnız 78-i əsaslıdır.
Qeyd edilib ki, yerdə qalan imzalar kifayət etdiyindən E.Seyidcahanın namizədliyi qeydə alına bilər. Beləliklə, E.Seyidcahanın müraciəti təmin edilib və onun deputatlığa namizədliyi qeydə alınıb.
E.Seyidcahan isə təşəkkürünü bildirərək qeyd edib ki, MSK-nın bu qərarı onun üçün vacib əhəmiyyət kəsb edir: "Məni saxtakarlıqda ittiham edirdilər. Bu, mənim yaradıcılıqdan uzaqlaşmağıma səbəb ola bilərdi. Sağ olun ki, ədalətli qərar qəbul etdiniz".
MSK sədri Məzahir Pənahov isə E.Seyidcahana "yaradıcılıqdan uzaqlaşmayın" deyə müraciət edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?