Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında vakant olan yerlərə müsabiqə elan edilir.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının mühəndis-proqramçısı vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin riyaziyyat, kompüter riyaziyyatı, informatika və hesablama texnikası istiqamətləri üzrə bakalavr və ya magistr pilləsində təhsil almış, Java, C++ və Delphi proqramlaşdırma dillərində işləmək təcrübəsi, həmçinin MS SQL və racle verilənlər bazasının idarə edilməsi sistemlərinin iş prinsipləri haqqında biliyə malik olmalıdır.
Daxili işlər orqanlarında idarəetmənin təşkili kafedrasının müəllimi vəzifəsinə namizəd hüquqşünaslıq ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş və pedaqoji staja malik və elmi tədqiqat işləri ilə məşğul olmalıdır.
Dil hazırlığı kafedrasının müəllimi və baş müəllimi vəzifəsinə namizəd ingilis dili ixtisası üzrə dövlət ali təhsil müəssisələrinin magistr pilləsini bitirmiş, pedaqoji staja malik və elmi-tədqiqat işləri ilə məşğul olmalı, habelə ingilis dilini mükəmməl səviyyədə bilməlidir.
Hərbi kafedranın müəllimi vəzifəsinə namizəd hərbi təhsil müəssisələrini və dövlət ali təhsil müəssisələrini hərbi istiqamət üzrə bitirməli, pedaqoji staja malik olmalıdır.
Xüsusi texnika kafedrasının müəllimi vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin texniki istiqamətlər üzrə magistr pilləsini bitirməli, kompüterdə mükəmməl işləmək bacarığına malik olmalıdır.
Beynəlxalq əməkdaşlıq qrupunun baş inspektoru vəzifəsinə namizəd dövlət ali təhsil müəssisələrinin hüquqşünaslıq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və ya magistr pilləsini bitirmiş, habelə ingilis dilini mükəmməl səviyyədə bilməli, kompüterdə işləmək bacarığı olmalıdır.
Müsabiqədə "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən olunmuş şərtlərə cavab verən, yaşı 20-dən aşağı, 30-dan yuxarı olmayan, boyu 165 santimetrdən (qadınlar üçün 160 sm) yuxarı olan Azərbaycan vətəndaşları iştirak edə bilərlər.
Vakant vəzifələrə təyin olunacaq müsabiqə qaliblərinin xidmət yerləri gələcəkdə polisin digər xidmət sahələrinə dəyişdirilməyəcək.
Namizədlər müsabiqədə iştirak üçün bu elanda göstərilmiş ünvanda fəaliyyət göstərən komissiyaya müraciət edərək şəxsiyyət vəsiqəsini, ali təhsil haqqında diplomu, hərbi bileti (qadınlar istisna olmaqla) və əmək kitabçasını təqdim etməlidirlər.
Müsabiqənin şərtlərinə cavab verməyən namizədlərin sənədləri qəbul edilməyəcək.
Namizədlərin sağlamlıq vəziyyəti və fiziki hazırlıq səviyyəsi daxili işlər orqanları əməkdaşları üçün müəyyən olunmuş tapşırıqlar və normativlər üzrə yoxlanılır.
Müsabiqədə iştirak etmək üçün sənədlər Daxili İşlər Nazirliyinin Polis Akademiyasının inzibati binasında (Bakı şəhəri Mərdəkan qəsəbəsi) 2015-ci il oktyabrın 12-dən noyabrın 12-dək hər gün (qeyri-iş günlərindən başqa) saat 10:00-dan 18:00-dək qəbul olunur.
Əlavə məlumatı www.mia.gov.az saytından almaq olar. Əlaqə telefonu - (012) 454-12-78; e-mail: [email protected]
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?