Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.
Şöbə rəisi qeyd edib ki, istənilən halda inzibati xəta üzrə inzibati məsuliyyət gücləndirilirsə, cəzalar artırılırsa, həmin sahədə qanun pozuntularının azalması müşahidə edilir: "İnzibati Xətalar Məcəlləsinə avtoxuliqanlıq, sərnişin avtobusunun sürücünün hüququ olmadan və ya sərxoş halda idarə edilməsi ilə əlaqədar cəzaların sərtləşdirilməsi bu halların azalmasına mütləq təsir göstərəcək".
Qeyd edək ki, Trend-in məlumatına görə, Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinin 152-1-ci maddəsinə təklif edilən əlavələrə əsasən, ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə sərnişin daşımaqla idarə edilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 15 gündən 1 ayadək müddətə, eyni xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə isə nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 1 aydan 2 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif olunur. Həmçinin, yuxarıda qeyd olunan xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərərçəkən şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitələrini idarəetmə hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 aydan 3 ayadək müddətə inzibati həbs cəzasının tətbiq olunması təklif edilir.
Bundan başqa, həmin maddəyə təklif edilən əlavələrə görə, ümumi istifadədə olan nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan belə nəqliyyat vasitəsinin sərnişin daşımaqla idarə edilməsinə görə 15 gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Bundan əlavə, nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə iki aydan üç ayadək müddətə inzibati həbs tətbiq olunacaq.
Avtoxuliqanlarla bağlı isə İnzibati Xətalar Məcəlləsinin 296-1-1-ci maddəsinə təklif olunan əlavəyə görə, 296-1-1-ci maddədə nəzərdə tutulmuş hərəkətlərin aşkar sürətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məcəllədə göstərilir ki, avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?