Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov 2015-ci il noyabrın 7-də saat 10:00-da Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Daşkəsən rayonlarının sakinlərini Gəncə şəhər Baş Polis İdarəsində qəbul edəcək.
Daxili İşlər Nazirliyindən Trend-ə məlumat verir ki, qəbul başa çatdıqdan sonra saat 12:00-da R.Usubov tərəfindən Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər, rayon polis şöbələrində vakant olan sıravi və kiçik rəis heyəti vəzifələrində xidmətə qəbulla bağlı Gəncə şəhər Baş Polis İdarəsində sıra baxışı keçiriləcək.
Sıra baxışında yalnız qeyd olunan rayonlarda yaşayış yeri üzrə qeydiyyatda olan və aşağıdakı şərtlərə cavab verən şəxslər iştirak edə bilərlər:
- müddətli həqiqi hərbi xidmət keçmiş, ali və ya orta-ixtisas, yaxud tam orta təhsilli, boyu 175 santimetrdən aşağı olmayan, özü və yaxın qohumları məhkum olunmamış, atletik cüssəli, 20 yaşından 30 yaşınadək Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Müsabiqəyə yuxarıda qeyd olunan şəhər, rayon polis orqanlarında vəzifə elan edilir. Həmin vəzifələrdə əmək funksiyalarının yüksək fiziki və psixoloji gərginliklə bağlı olması, eləcə də xidmətin növbəli, bir çox hallarda əsas iş vaxtından əlavə müddətdə aparılacağı baxımından, namizədlərin sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaq. Xarici dil bilən və emosional dayanıqlı vətəndaşlara üstünlük veriləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?