Daxili İşlər Nazirliyi dünən virtualaz.org saytında dərc olunan “Polislər məni “Lexus”a otuzdurub apardı, sonra da təpik-yumruq...” başlıqlı yazıda əks olunmuş fikirlərə münasibət bildirib.
DİN mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə virtualaz.org saytına açıqlamasında bildirib ki, Bakı şəhər sakini Əli Əlibəylinin DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində və Nərimanov Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində ona qarşı fiziki təzyiqin göstərilməsi, digər hüquqazidd əməllərin törədilməsi barədə səsləndirdiyi iddiaların heç bir hüquqi və məntiqi əsası yoxdur.
O.Mansurzadənin sözlərinə görə, həqiqətən də bu il iyun ayının 28-də paytaxtın Nərimanov rayonundakı mənzillərin birində əxlaqsızlıq yuvasının saxlanılması faktı ilə əlaqədar toplanmış materiallar əsasında RPİ-nin istintaq şöbəsində CM-in müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
“İstintaq zamanı sözügedən mənzilin kirayəyə verilməsi ilə Əli Əlibəylinin məşğul olması və bu işlə bağlı qazanc əldə etməsi müəyyən edildiyindən adıçəkilən şəxs də zəruri təhqiqat və istintaq hərəkətlərinə cəlb edilib. Lakin iddialarının əksinə olaraq bu zaman Əli Əlibəyliyə qarşı heç bir qanunazidd hərəkətə yol verilməyib.
Məhz buna görə Əli Əlibəyli nazirliyin rəhbərliyinə müraciət edərək polis orqanları tərəfindən ona qarşı hər hansı qanunsuzluğa yol verilmədiyini, ümumiyyətlə, şikayətçi olmadığını söyləyib” - deyə DİN rəsmisi bildirdi.
Sorğu
Yeni dizaynımız necədir?