Erməni silahlı birləşmələri dinc sakinlərin yaşadığı məntəqələri atəşə tutmağa davam edir. ANS PRESS-in məlumatına görə, qarşı tərəf bu dəfə Tərtərin təmas xəttinə yaxın yerləşən Qaradağlı kəndini atəşə tutub. Atılan güllələrdən biri kənd sakini Qabil Həmidovun həyətyanı sahəsində dayanan traktora dəyib. Qabil Həmidovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə ötən gün saat təqribən 19:30 radələrində baş verib. Güllə traktorun ön şüşəsini sındırıb. Həmin vaxt Qabil Həmidovun ailə üzvüləri də evdə olub. Atışma bir neçə dəqiqə davam edib. Xöşbəxtlikdən insident nəticəsində xəsarət alan olmayıb.
Qabil Həmidov. Foto: APA
Vurulan traktor. Foto: APA
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 92 dəfə pozub. Ermənistan Respublikası Noyemberyan rayonunun Voskepar kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən mövqelərimiz atəşə tutulub. Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 93 dəfə atəş zərbəsi endirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?