2005-ci ildə iş adamlarından alınan ixracyönlü istehsalatla məşğul olan iki böyük zavod - “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” hazırda fəaliyyətsizdir
Zülfüqarlı qardaşları hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət hazırlayır. Onlar qəsb edilmiş əmlaklarının geri qaytarılmasına çalışırlar. “Bakı Poladtökmə”, “Bakı Elektroştamp” və “Xəzər Boru” zavodları vaxtilə qardaşlara məxsus olub. Zülfüqarlılar 2000-ci illərin əvvəllərində Azərbaycanda metaləritmə sənayesinə və metallurgiya biznesinin bir hissəsinə nəzarət ediblər. Lakin Zülfüqarlı qardaşları, o cümlədən Nurəddin və Loğman Zülfüqarlılar 2005-ci ildə həbs ediliblər. Bundan sonra onlar Azərbaycandakı bizneslərinin böyük hissəsini itiriblər. Nurəddin Zülfüqarlı Türkiyəyə köçüb.
Neftin ucuzlaşmasının yaratdığı kütləvi işsizlik hakimiyyəti iqtisadi sahəyə daha çox diqqət ayırmağa məcbur etdi. Bu diqqət sayəsində ölkədə sahibkarlara qarşı qanunsuz yoxlamalarla, reket və quldurluqlara imza atmış məmurların cəzalandırılması ilə sonuclandı. Eyni zamanda bir çox sahibkarları qəsb edilmiş əmlaklarının geri qaytarılacağına ümidləndirdi.
Məlumdur ki, sahibkarlara qarşı amansız davranış sərgiləyən təkcə Eldar Mahmudovun cinayətkar dəstəsi olmayıb. Başqaları da var və bu hal sistemli olub. 2005-ci ildə Zülfüqarlı qardaşlarından alınan ixracyönlü istehsalatla məşğul olan iki böyük zavod - “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” hazırda fəaliyyətsizdir. Vaxtilə 1500-ə qədər vətəndaşın işlədiyi zavodlar fəaliyyətini tamamilə dayandırıb. 2005-ci ildə zavodların əsas səhmdarı və idarəçisi Nurəddin Zülfüqarlının olduğu maşının qarşısı kəsilib, onun başına torba keçirilərək həbs edilib.
Həbsdə olan sahibkarla Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənov zavodları təhvil verməsi üçün danışıq aparıb. Zavodlar sahibindən alınıb və Kərəm Həsənovun sürücüsünün qohumu, Lerikin Ordahal sakini olan çoban Gəray Məmmədovun adına rəsmiləşdirilmişdi. Gəray Məmmədov “Yeni Müsavat”a videomüsahibə (bu linkə keçid etməklə videomüsahibə ilə tanış ola bilərsiz - https://www.youtube.com/watch?v=P5vckbRx-EI) verəndən sonra zavodlar “Bakı Steel Company” MMC-nin rəhbəri Rasim Məmmədovun adına dövr edilib.
Hazırda “mahmudovçu” çetenin qurbanı olan sahibkarların şikayətləri qəbul edilir, onlara haqsızlıq edənlər dindirilir. Gec-tez sahibkarlara qənim kəsilən Kərəm Həsənovun və onun kimi məmurların da dindirilməsi baş tutacaq. Zülfüqarlıların özləri də ümid edirlər ki, zavodları gec-tez qaytarılacaq, iş yerlərini yenidən açıb vergi ödəyəcəklər.
Sorğu
Yeni dizaynımız necədir?