Müəllif layihəsi "Həftəbecər"in 57-ci say... Şablon da səslənsə, deyim ki, həftə çox zəngin olub. Elə mən də hansı xəbərləri "becərəcəyimi" uzun müddət seçə bilmədim. Düşündüm ki, Aygündən yazsam, Vüsalə inciyər, hələ əfsanəvi Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzovu demirəm. Axır ki, Cahangir müəllimin də yolu "Həftəbecər"dən keçdi. Şou mətbuatının hər şeydən yazdığı məlumdur. Yetər ki, bir sənətçi "quş" buraxsın, səhəri gün saytlardadır. Beləcə həmin müğənniciklər populyarlaşır və bir müddət sonra elə saytların özləri üçün əlçatmaz olur. Sonra həmin sənətçicikdən elə bir informasiya daxil olur ki, söyməyi də artıq bilirsən.
Ancaq bu dəfə xalq artisti Aygün Kazımova 2 ayın müğənnilərinin etməyəcəyini edib. Özünə Moskvadan aldığı itin şəklini, pasportunu, itin ulu babasının adını, yeddi arxa dönəninin soyadını göndərib saytlara ki, bundan xəbər qayırın. Bəzi saytlar da götürüb xəbəri "Aygün Kazımovanın ailəsində artım oldu" başlığıyla veriblər. Sizə lazım idi? Yenə qayıdırıq bayaq dediyim məqama. Əslində, bu, Aygünün jurnalistlərə hörmətsizliyindən daha çox, jurnalistlərin peşələrinə qoyduğu qiymətin "bəhrəsidir".
Əfsanəvi sənətkar, xalq artisti Nəsibə Zeynalovanın oğlu Cahangir Novruzov Azərbaycandakı aktyorları borclu çıxarıb. Deyib ki, Azərbaycanda teatra yaradılan şərait heç Türkiyədə yoxdur. Müsahibəni oxuyanda məndə belə bir təəssürat yarandı ki, Novruzovun yaxınlarda aidiyyəti nazirlikdə kiməsə işi düşəcək, yoxsa belə danışmazdı. Adama deyərlər ki, əgər Azərbaycanda teatrda çalışanlar yağ içində böyrək kimi yaşayırlarsa, bəs iyirmi ildir Türkiyədə nə işin var sənin? Nəzərə almaq lazımdır ki, hazırda Azərbaycanda çalışan aktyorlar "Nəsibə Zeynalovanın oğlu" titulunu daşımadıqlarına görə onların üzünə çox qapılar bağlıdır sizdən fərqli olaraq. Amma onlar fədaidirlər və sizin kimi ölkəni tərk etməyiblər. Min bir əziyyətə qatlaşıb öz məmləkətinin mədəniyyətinə xidmət edənlər mənə görə daha şərafətli iş görürlər. Başa düşürəm, ölkəmizi ölkədən kənarda təmsil etmək də lazımdır. Axı siz heç onu da etmirsiniz. Ümumiyyətlə, həmişə belə olub. Məşhur valideynin hesabına qabağa çəkilən sənət adamları heç vaxt öz yerlərini tuta bilməyiblər. Ya kiminsə yerini tutublar, ya da belə "ağıllı" söhbətlərlə yadda qalıblar.
Teleaparıcı Vüsalə Kərimovanın başı qalmaqaldan açılmır. Saytlar Vüsaləni həftədə bir adamla "evləndirib", bir adamla "boşatdırırlar". Amma, sən demə, qara qızın dərdi varmış. Deməli, yüksək vəzifə sahibləri ona intim təkliflər edirlərmiş: "Bəzi vəzifə adamları mənə intim münasibət təklif ediblər. "Yuxarı"dan zənglər olub. Daha onu soruşmamışam ki, bir gecəlikmi istəyiblər, ya on gecəlikmi... Amma etiraf edirəm ki, 3-4 nəfər olub. Tanıdığım, yüksək təbəqədən olan insanlardan zənglər gəlib. Bəziləri özümə, bəziləri isə tanışlarım vasitəsilə mənimlə əlaqə yaratmaq istəyiblər". Jurnalist soruşub ki, təklif olanda qiyməti də soruşmusunuzmu? Aparıcı deyib ki, nəəəə? Heç mən pulla görüşənə oxşayıram? Sonrasını da belə davam elətdirib: "Nə? Mən heç vaxt pul müqabilində kimləsə ünsiyyət qurmuram. Müxtəlif cavablar olub, amma nəticə etibarilə heç nə dəyişməyib. Elə adam da olub ki, deyib ki, nömrəni verim, özün de ki, yox. Həmin adamı bərk tənbeh etmişəm ki, mənə artıq zəng gəlsə, bilərəm ki, nömrəmi sən vermisən". O gün də bir müğənni bu məzmunda çıxış eləmişdi. Deyəsən, "tırka" xarakterli açıqlamalardır. "Qarğa məndə qoz var" məsələsi... Di salamat qalın!
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?