Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) karantin tədbirlərini təmin edən əlahiddə polis taboru əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlılığı şübhə doğuran heyvan cəmdəkləri aşkar edib.
Report DBNX-yə istinadən xəbər verir ki, bu cəmdəklərdən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Müayinə zamanı nümunələrin bakterioloji çirklənməyə məruz qalması, keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvan cəmdəklərinin olması müəyyən edilib.
Aparılan müayinələrin nəticəsinə əsasən, cəmdəklərin heyvan və insan qidası üçün yararsız olması, baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib: "Bu qərara uyğun olaraq həmin heyvan cəmdəkləri Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb".
DBNX bildirir ki, bu kimi qanunsuz işlə məşğul olan vətəndaşlar barəsində ciddi inzibati tədbirlər görüləcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?