gundemxeber.az "Qarabağ"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsini təqdim edir.
- Bir neçə saat öncə komandanız Türkiyə toplanışı çərçivəsində ardıcıl iki yoxlama oyunu keçirməklə hazırlıqları yekunlaşdırdı. Amma son iki oyundan məğlub ayrıldınız...
- Mən özüm hər iki oyunda meydanda oldum. Bütövlükdə, bu toplanış çox yaxşı keçdi. Əsas odur ki, komandamız yaxşı hazırlaşa bildi. Fikrimcə, mövsümün qalan hissəsinə tam hazır olacağıq.
- Yeni transferlərinizlə bağlı nə deyərdiniz?
- Rahid "Qarabağ"da heç vaxt oynamayıb. Amma biz onun nəyə qadir olduğunu yığma komandadan yaxşı bilirik. Artıq "Qarabağ"da qol da vurmağa imkan tapıb. Rahid bizə lazım olan futbolçu idi. Həm də belə bir futbolçu bizə gəlibsə, deməli, "Qarabağ"a lazım imiş. Qurban Qurbanov kimi dəvət etmək lazım olduğunu yaxşı bilir.
- Azərbaycan futbolunda yaranmış maliyyə çətinlikləri barədə fikirləriniz maraqlıdır...
- Bu, məyus etməyə bilməz. Əvvəllər Antalyada klublarımızın sayı daha çox olardı. Amma bu dəfə onların bəzisi buraya gələ bilmədi. Problem təkcə futbolda deyil, digər sahələrdə də var.
- Bəs futbolçular bu barədə nə düşünürlər?
- Hesab edirəm ki, biz bu barədə düşünməməliyik. Bizə oynamaq lazımdır. Çətinlik təkcə bizdə olsaydı, əlbəttə, futbolumuza təsir edərdi. Amma bu, qlobal problemdir.
- Mütəxəssislərin əksəriyyəti belə hesab edir ki, maaşların azalması bundan sonra futbolçularımızı xarici klublara getməyə sövq edəcək. Bu fikirlə razısınız?
- Pul az olsa, şişirdilmiş maaşlar da olmayacaq. "Qarabağ"da onsuz da bu baxımdan heç vaxt problem yox idi. Hər kəs öz oyununa layiq pul alır. Digər klublar barədə heç nə deyə bilmərəm. Həm də bunun mənə aidiyyatı yoxdur.
- Sizə elə gəlmir ki, varlı və kasıb klublar arasında çox böyük uçurum olacaq? Məsələn, klublar var ki, futbolçuları ayda 300-400 manat maaş alır...
- Bu, əlbəttə, mənim problemim deyil. Amma istənilən halda, məni də məyus edir. Mən onlara görə sadəcə, dua edə bilərəm ki, vəziyyətləri yaxşılaşsın. Başqa heç nə ilə kömək edə bilmərəm.
Sorğu
Yeni dizaynımız necədir?