Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Qeyri-sabit hava şəraiti fevralın 09-dək davam edəcək.
Fevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var. Qeyri-sabit hava şəraiti fevralın 09-u gündüzədək davam edəcək.
Fevralın 6-da isə, yəni sabah, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Fevralın 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi qərb rayonlarında yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 12-17, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.
Tibbi-meteoroloji xəbərdarlıq
Fevralın 07-08-də Abşeron yarımadasında davamlı güclü xəzri küləyinin əsməsi, havanın temperaturunun ötən günlərlə müqayisədə xeyli enməsi gözlənilir ki, bu da meteohəssas insanlar üçün çox əlverişsizdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?