KANAL (REGİON TV) xəbər verir ki, ötən gün şimal-qərb bölgəsində yanğın hadisələri qeydə alınıb. Zaqatalada fərdi yaşayış evi, Balakəndə isə sərhəd zastavasının zabitlərinin yaşadığı tikili yanıb.
Zaqatalada Danaçı kənd sakini Saniat Ubaşovaya məxsus, ümumi sahəsi 156 kv.m olan birmərtəbəli 5-otaqlı fərdi yaşayış evi anidən alışıb. Hadisədə xəsarət alan olmasa da, evin yanar konstruksiyaları və əşyalar külə dönüb. Əraziyə Fövqaladə Hallar Nazirliyinin Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun genişlənərək yardımçı tikiliyə keçməsinin qarşısı alınıb.
Digər yanğın hadisəsi isə Dövlət Sərhəd Xidmətinin Balakəndəki zastavasında baş verib. "Darvazbinə" yaşayış məntəqəsində yerləşən sərhəd zastavasında, ümumi sahəsi 340 kv.m olan birmərtəbəli zabitlər evinin dam örtüyü 200 kv.m sahədə yanıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alovun genişlənməsinin qarşısı alınıb, binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Hər iki faktla bağlı araşdırma aparılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?