Fevralın 8-də canına qəsd edən Kooperasiya Universitetinin 3-cü kurs tələbəsi 23 yaşlı Nigar Vahabovanın intiharı ölkədə rezonans doğurdu. O, bir müddət "İki sahil" qəzetinin korrektoru kimi çalışdıqdan sonra xarici şirkətlərin birində işə düzəlibmiş.
gundemxeber.az bildirir ki, İctimai televiziyanın aparıcısı Aytac Vahabova bacısının özünə qəsd etməsi barədə bizimyol.info-ya danışıb. Aytac Vahabova Nigarın 33 yaşlı oğlanla sevgili olması, oğlanın bacısı ilə evlənməsi üçün ailəsindən ayrılması və anasının bu evliliyə "yox" deməsi barədə iddiaların əsassız olduğunu bildirdi: "Mənim bacımın sevgilisi olmayıb. İntihar etməmişdən bir gün öncə saat 4-ə qədər biz telefonla danışmışıq. Səhəri isə məndən "Facebook" profilini düzəltməyimi istədi".
O, bacısının intihar etməmişdən öncə valideynlərinə xitabən məktub yazması barədə deyilənlərin də dorğu olmadığını dedi: "Bacımın məndən yaxın rəfiqəsi olmayıb. Onun intihar etmə səbəbi bizə məlum deyil. Bəzən elə şeylər var ki, o, səbəbsiz olur. Yaxud da səbəbi o qədər böyük olur ki, onu paylaşmaq istəmirsən.
Nigarın maddi durumunda çətinliklərin olması barəsində deyilənlər də həqiqətə uyğun deyil. Ölümündən üç gün öncə onun illik təhsil haqqı tam ödənilib. Hətta ona avtomobil almaq üçün pul da verilib".
Nigarın intihar etməsinə səbəb kimi göstərilən iddialardan biri də odur ki, guya onun bir nəfərdə ictimailəşməsi arzuolunmaz olan fotolar olub, həmin şəxs də fotoları paylaşacağını deyib. Bundan narahat olan Nigar intihar edib. A.Vahabova bu iddianı da təkzib etdi: "O "selfie" çəkdirməyi xoşlayırdı. Nigar başqasının onun şəklini çəkməsini istəmirdi".
Aytac deyir ki, o, bacısı ilə bir evdə yaşayıb. Amma 10 gündür ki, nənəsinin yanında olub. O, səhhətində problem yaranmış yaşlı qadına qulluq edirmiş.
Bacısı bildirir ki, Nigarla vida mərasimində onun yaxın dostları, müəllimləri iştirak ediblər: "Biz sevgilisiz, nişansız, toysuz həyatını sona yetirən Nigarımızı vağzalı sədaları ilə son mənzilə yola saldıq. Rusiyada yaşayan atamız Nigarın vida mərasimində iştirak edə bilmədi. Amma onun üçün gül dəstəsi hazırlatdırıb göndərmişdi. Nigarımızı doğulduğu Şüvəlan qəsəbəsinin qəbristanlığında dəfn etdik. Mən düşünürəm ki, o, alın yazısını yaşadı. Burada arzuolunmaz səbəblər axtarmağa dəyməz".
A.Vahabova məlumatı dəqiqləşdirmədən yayan media mənsublarına müraciət etdi: "Xahiş edirəm ki, dedi-qoduları ictimailəşdirməsinlər".
O, ekspertiza rəyinin onlara məlum olduğunu da açıqladı: "Həmin sənəddə Nigarın özünə qəsd etdiyi bildirilir".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?