Səudiyyə Ərəbistanının neft naziri bu gün neft bazarını müzakirə etmək üçün rus həmkarı ilə görüşəcək. Dünyanın ən böyük neft ixrac edən ölkəsi olan Səudiyyə Ərəbistanının ən qocaman neft rəsmisi Əli əl-Nəimi Rusiyanın enerji naziri Aleksandr Novakla Qətərin paytaxtı Dohada bir araya gələcək.
Publika.az "Marja"ya istinadən xəbər verir ki, məlumatı "Bloomberg" agentliyi adını verməyən mənbəyə əsasən yayıb.
Mənbə görüşün gündəliyinin nə olacağı haqqında məlumat verməyib və toplantıya digər bir OPEC üzvü olan Venesuelanın da qatılacağını qeyd edib. Səudiyyə Ərəbistanı və Rusiyanın müvafiq nazirlikləri məsələ haqqında şərh verməkdən yayınıblar.
Səudiyyə Ərəbistanı, Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) daxil olmayan böyük istehsalçılarla əməkdaşlıq olmadan qlobal hasilat artığını azaltmaq üçün istehsalı azaltmağa getməyəcəyini açıqlayıb. Novak digər istehsalçıların iştirak etməsi vəziyyətində istehsalın azaldılmasını düşünəcəklərini qeyd etmişdi. Rusiyanın ən böyük neft istehsalçısı "Rosneft"in icraçı direktoru İqor Seçin isə ötən həftə verdiyi açıqlamada, ənənəvi bazarları qoruyacaqlarını söyləmiş və koordinasiyalı hərəkət məsələsinə isə şübhələrini dilə gətirmişdi. Neftin 30 dollar səviyyəsinə düşməsi neftə asılı ölkələrin iqtisadiyyatlarında ciddi problemlərə yol açır. Bu şəraitdə, dünyanın iki ən böyük neft istehsalçısı arasında razılaşmanın olacağı ilə bağlı spekulyasiya böyüyür.
Danışıqlara Qətər vasitəçilik edir.
Qeyd edək ki, "Brent" neftinin bareli London birjasında 4 faizə yaxın bahalaşaraq 34,79 dollara qədər çıxıb.
Sorğu
Yeni dizaynımız necədir?