Bakıda yol polisinin avtomobilinin çəkiclə əzilməsi ilə bağlı başlanan cinayət işi Bakı Şəhər Baş Polis İdarəsində birbaşa nəzarətə götürülüb.
Bu barədə Milli.Az-a Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, hadisəni törədən şəxs Şahin Bəylərov 1974-cü ildə Laçın rayonunda anadan olub, hazırda Nərimanov rayonu Montin qəsəbəsi, Daş karxanası deyilən ərazidə yaşayış qeydiyyatındadır. Ailəlidir və 2 övladı var.
Bölmə rəisi Ş.Bəylərov barəsində əldə edilən digər məlumatları da açıqlayıb:
"Məlum olub ki, Ş.Bəylərov əvvəllər 7 illik məhkumluq həyatı yaşayıb. İdmançı olub. O, şərq döyüş növlərindən biri ilə məşğul olub. Videokadrlarda onun üstündə olan çantada da idman paltarları olub. Onun polis avtmobilinə maddi ziyan vurmaq üçün istifadə etdiyi əşya isə idman çantasında gəzdirdiyi və məşqlərdə müəyyən fəndləri yerinə yetirmək üçün istifadə etdiyi alət olub. İlkin ehtimala görə, hadisəni törədən vaxt Ş.Bəylərov sərxoş vəziyyətdə olub".
V.Əsədov əlavə edib ki, faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-cü Polis Bölməsində cinayət işi başlanıb, araşdırma aparılır. Lakin burada dövlət əmlakına qəsdən, bilərəkdən maddi ziyan vurulduğuna görə məsələ həm də birbaşa Bakı Şəhər Baş Polis İdarəsinin və Dövlət Yol Polisi İdarəsinin birbaşa nəzarətinə götürülüb.
Qeyd edək ki, ötən gün Bakıda yol polisinin avtomobilini çəkiclə əzən şəxs barəsində cinayət işi başlanıb.
Milli.Az bildirir ki, Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanaraq icraata verilib.
Polisdən həmçinin bildirilib ki, hadisəni törədən Şahin Bəylərov saxlanılarkən onun üzərində narkotik vasitə də aşkarlanıb.
Məlumata görə, Ş. Bəylərov hadisəni törədərkən sərxoş olub və polis avtomobilinə 30 min manatdan çox ziyan vurub. Ş. Bəylərov ilkin ifadəsində törətdiyi hadisəni müxtəlif səbəblərlə izah etməyə çalışıb: "Şahin Bəylərov məsuliyyətdən yayınmaq üçün bir-birinə zidd müxtəlif səbəblər göstərib. Belə ki o, ifadələrindən birində yol polisi əməkdaşının onu təhqir etdiyini, məhz bu səbəbdən də onun avtomobilini əzdiyini deyib. Lakin polis əməkdaşı Şahin Bəylərovu ümumiyyətlə tanımadığını, onların arasında hər hansı bir söhbətin olmadığını bildirib".
Qeyd olunub ki, Ş. Bəylərovun psixi durumunda problemlərin olduğu qaçılmazdır. Həkim müayinəsindən sonra bu məsələyə də aydınlıq gətiriləcək.
Xatırladaq ki, dünən saat 14.15 radələrində Bakıda, Heydər Əliyev Mərkəzinin yaxınlığında Şahin Mail oğlu Bəylərov çəkiclə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus BMW markalı, 99 YP 423 dövlət qeydiyyat nişanlı avtomobili əzib. Nəticədə maşına ciddi ziyan dəyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?