Işə 40 dəqiqə, bir saat gecikənlər işdən çıxarılır
Baş prokurorluq işçilərin maraqlı ixtisar yolunu kəşf edib. Redaksiyamıza gələn bəzi məlumatlar bunu deməyə əsas verir. Belə ki, qəzetimizə müraciətdə prokurorluq əməkdaşlarının son zamanlar üzləşdiyi “repressiya” barədə məlumat veriblər. Məlum olub ki, prokurorluğun bir sıra əməkdaşları sadəcə olaraq işə gecikdiklərinə görə tutduqları vəzifədən qovulublar.
Redaksiyamıza gələn məlumatda qeyd edilir. 2014-cü ildə prokurorluq orqanlarına işə qəbul olunan Imişli rayon prokurorunun böyük köməkçisi Çingiz Quliyev bu il yanvarın 6-da iş yerinə 40 dəqiqə gecikib. Imişlidən Bakıya – Nəsimi rayon prokurorluğuna ezam olunan Ç.Quliyevin işə gecikməsinin səbəbi həmin gün düşdüyü tıxac olub. O, işə gecikməylə bağlı ərizəsində bunu qeyd edib.
Eyni zamanda Qubadlı rayon prokurorunun böyük köməkçisi Adil Məmmədov da həmin gün, yəni 2016-cı il yanvarın 6-da iş yerinə 1 saat gec gəlməli olub. Buna səbəb işə gələrkən onun şəxsi avtomobilində yaranan nasazlıq olub. Bu üzdən A.Məmmədov işə gecikib. O da gecikmənin səbəbini ərizəsində qeyd edib. Izahatlarına baxmayaraq hər iki əməkdaş vəzifəsini itirib.
Müraciətdə eyni məzmunlu daha bir fakt əksini tapıb. Sumqayıt şəhər prokurorluğunun iki işçisi Emin Cahangirov və Əmirxan Hacıqayıbov işə gecikəcəkləri barədə prokurorluğu məlumatlandırıblar. Amma buna baxmayaraq onların bu əməli kobud qayda pozuntusu kimi qeyd olunub və hər iki əməkdaşa xəbərdarlıq edilib.
Bundan başqa, müstəqil şəkildə fikirlərini ifadə etdiyinə görə Zərdab rayon prokurorluğunun müstəntiqi Rüfət Səfərov vəzifəsindən istefa verdi. R.Səfərov istefa versə də Z.Qaralov onu əmrlə prokurorluq orqanlarından xaric etdi.
Daha sonra Səbail rayonu prokurorluğunun əməkdaşı Vüsal Tağıyev şəxsi avtomobili ilə şəklini facebook səhifəsinə qoyduğu üçün vəzifəsindən uzaqlaşdırılıb.
Redaksiyamıza daxil olan məlumatda eyni zamanda qeyd olunur ki, prokurorluğun rəhbərliyi yol polisinə müraciət edib. Müraciətdə qeyd olunub ki, prokurorluğun əməkdaşlarının yol hərəkəti qaydalarını pozması barədə məlumatlar birbaşa prokurorluğa göndərilməlidir.
Mövzu ilə bağlı ekspert qismində söhbət etdiyimiz Müzəffər Baxışov bildirdi ki, hər bir prokurorluq işçisi çalışmalıdır qanunu pozmasın. M.Baxışovun sözlərinə görə, amma onu da nəzərə almaq lazımdır ki, insanların müəyyən problemləri ola bilər. Bu səbəbdən də işə gecikə bilərlər: “Amma işə bir saat və ya qırx dəqiqə gecikməyə görə prokurorluq orqanlarından çıxarılma çox böyük ədalətsizlikdir. Prokurorluq Haqqında Qanunda prokurorluq orqanlarının əməkdaşlarının səlahiyyətlərinə xitam vermə son sırada duran tənbeh tədbiridir. Yəni ondan əvvəldə dayanan digər tənbeh tədbirləri – irad tutma, xəbərdarlıq var. Həmin tənbeh tədbirlərinin tətbiq edilməsi hərtərəfli, obyektiv araşdırma aparılandan sonra tətbiq edilir. Amma məncə, işə gecikdiyini əsas gətirərək prokurorluq orqanlarından çıxarılanların digər pozuntuları da var”.
M.Baxışov onu da qeyd etdi ki, Z.Qaralov baş prokuror olduqdan sonra prokurorluq əməkdaşlarına münasibət onların yalnız işgüzar keyfiyyətləri deyil, digər məqamlar da əsas götürülür. “Prokurorluğun rəhbərliyi özü oöyektiv şəxs deyil. Onun cəmiyyətdə də obyektiv bir imici yoxdur ki, xətaya yol verən şəxsə daha ədalətli inzibati tənbeh tətbiq etsin. Çünki cəmiyyətdə həmin şəxs çox ədalətsiz şəxs kimi tanınır. Ona görə ən xırda intizam xətasına görə o, işçilərin prokurorluq orqanlarından xaric edilməsinə əmr verə bilər”, deyə M.Baxışov vurğuladı.
M.Baxışov bununla belə onu da qeyd etdi ki, prokurorluq işçilərinin yol hərəkəti qaydalarını pozması haqqında məlulmatın birbaşa prokurorluğun rəhbərliyinə ünvanlanması normal haldır. Çünki yalnız prokurorluq orqanları onların fəaliyyətini araşdıra bilər.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?