Milli Məclisin Aqrar siyasət Komitəsinin bugünkü iclasında "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanuna təklif edilən dəyişiklik layihəsinə baxılıb.
gundemxeber.az report-a istinadən bildirir ki, sənəd barədə Komitə sədri Eldar İbrahimov məlumat verib.
Onun sözlərinə görə, kənd təsərrüfatında əmlak sığortasının subyektləri sırasına daha bir qurum qoşulub: "Belə ki, sığorta təşkilatlarının fəaliyyətinin tənzimlənməsi və onlara nəzarət müəyyən edildiyindən subyektlərin sırasına müvafiq icra hakimiyyəti orqanları ilə yanaşı, Maliyyə Bazalarına Nəzarət Palatası da əlavə edilib".
Bundan başqa, qanunda yer alan 6-cı maddənin 6.2-ci (hər bir sığorta hadisəsi üzrə sığorta haqqının hesablanması üçün istifadə olunan tarif müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş maksimum sığorta tarifindən çox ola bilməz) və 8.1.2-ci (sığorta tariflərinin maksimum həddini müəyyən etmək) bəndləri ləğv edilib.
Bildirilib ki, sığorta tariflərinin tənzimlənməsi işinin qeyri-dövlət orqanı olan Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə edilməsi nəzərdə tutulur. Məqsəd - sığorta tariflərinin tənzimlənməsi işində sistemliyi və operativliyi təmin etməkdir.
Qeyd edək ki, qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Sorğu
Yeni dizaynımız necədir?