Nazirlər Kabineti "Yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən hansı məsafədən yaxın yerləşdirilməsinə yol verilməməsi haqqında" Qərar qəbul edib.
Qərara əsasən, yetkinlik yaşına çatmayanlara zərərli təsir göstərə bilən reklamın məktəbəqədər və ümumi təhsil müəssisələrinin ərazisindən 150 metrdən az məsafədə yerləşdirilməsinə yol verilmir.
Hüquqşünas Oktay Məhərrəmovun oxu.az-a dediyinə görə, bu məhdudiyyət reklamda yetkinlik yaşına çatmayanların müdafiəsinə istiqamətlənmişdir. Burada zərərli təsir dedikdə, həm mənəvi, həm də fiziki baxımdan təsir nəzərdə tutulur.
Bununla belə, "zərərli təsir göstərə bilən" ifadəsinin məzmunu qanunvericilikdə dəqiq müəyyən edilmədiyindən bu istilahın məzmununa dair inzibati və məhkəmə təcrübəsi formalaşmayana qədər müəyyən çətinliklər yaranacaqdır.
Bu xüsusən mənəvi baxımdan təsiri müəyyənləşdirməkdə müşahidə edilə bilər. Lakin qeyd etmək olar ki, məsələn, məktəb və uşaq bağçaları yaxınlığında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı bu qadağanın təsiri altına düşəcək.
Onu da qeyd etmək lazımdır ki, yeni qüvvəyə minmiş İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsinə əsasən, reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə ediləcəklər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?