gundemxeber.az ayb.az-a (Azərbaycan Yazıçılar Birliyinin saytı) istinadən bildirir ki, xalq yazıçısı Maqsud İbrahimbəyov mart ayının 22-də dünyasını dəyişib.
İbrahimbəyov Maqsud Mammədibrahim oğlu - yazıçı, nasir, kinodramaturq, rejissor, 1964-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Dövlət mükafatı laureatı (1976), Azərbaycan SSR Əməkdar İncəsənət xadimi (1979), Azərbaycan Respublikasının xalq yazıçısı (1988), Azərbaycan Respublikası Sülh Komitəsinin sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (1995, 2000, 2005). Azərbaycan Respublikası Əsilzadələr Məclisinin sədri, Luiziana (ABŞ) ştatının Fəxri senatoru, Minneapolis şəhərinin (ABŞ) Fəxri vətəndaşı, Azərbaycan Respublikası PEN - klubunun prezidenti olub. "Şöhrət" (1995) və "İstiqlal" (2005) ordenləri ilə təltif olunub.
Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Azərbaycan Tikinti Nazirliyinin ağır sənaye inşaatı trestində mehəndis (1960-1962), Moskva Ali ssenaristlər kursunda müdavim (1962-1964), Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsinin Azərbaycan üzrə xüsusi müxbiri (1964-1971), Moskva Ali rejissorluq kurslarında müdavim (1971-1973) olmuşdur.
Bədii yaradıcılığa 1960-cı illərdən başlamışdır. Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınmışdır. Onun "Mezozoy əhvalatı" pyesi Mədəniyyət Nazirliyinin keçirdiyi ən yaxşı pyeslər müsabiqəsində birinci yeri tutmuşdur. ."Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilmişdir.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. adlı kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılmışdır. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Bayquş gəlmədi" və "Bütün yaxşılıqlar üçün - ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət Mükafatı verilmişdir.
Sorğu
Yeni dizaynımız necədir?