Bakı-Şamaxı yolunun sürüşmə baş verən hissəsində istiqamət dəyişdirilməlidir.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov sözügedən yolun 106-cı kilometrliyində martın 26-da baş verən sürüşmənin səbəblərini şərh edərkən deyib.
Geoloq APA-ya bildirib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki ərazi qədim sürüşmə sahəsidir:
“Həmin hissədə sürüşmə daimi baş verir. O, yol bərpa olunsa belə, yenidən sürüşmə olacaq. Orada yolun istiqamətini dəyişmək lazımdır” - deyən Ə.Qaralov həmin hissənin sürüşmə risqli ərazilərin xəritəsinə daxil edildiyini bildirib.
Martın 26-da Bakı-Şamaxı yolunun 106-107-ci kilometrliyində torpaq layları uçaraq yola tökülüb, iri yarğanlar əmələ gəlib.
Bakı-Şamaxı yolu 2009-cu ilin sonunda yenidən istifadəyə verilib. Bu yolun yenidən inşasına 2008-ci ildə başlanmışdı.
ayihənin podratçısı İtaliyanın “Todini” şirkəti olub. Magistralın 9-77-ci km-ləri əhatə edən birinci hissəsində işləri “Akkord”, 78-123-cü km-ləri əhatə edən ikinci hissəsində isə “Azərtikintiservis” şirkəti görüb.
Rəsmi qurumlar bu yolun inşasına həmin vaxt ilkin olaraq 78 milyon manat vəsait ayrıldığını bildirirdilər. Həmin vəsaitin 80 faizi Dünya Bankının, 20 faizi isə Azərbaycan hökumətinin payına düşürdü.
Azad İqtisadiyyata Yardım ictimai birliyinin araşdırmasında isə o yola bütünlükdə 200 milyon manat vəsait xərcləndiyi iddia olunurdu.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?