Çoxdan idi ki, gecə həyatı yaşayan birisinin həyatından yazmaq istəyirdim. Ancaq bu mənimçün hərtərfəli çətin idi, həm gecə evdən çıxa bilməzdim, həm də kim idi mənimlə həmsöhbət olan. Nəhayət ki, bu istəyim baş tutdu. Gecə klublarının birinə getməyimə ehtiyac belə qalmadı, elə günün günotra çağı qəsəbə poliklinikasında axtardığımı tapdım.
Cərrahın qəbul otağının qarşısındakı divanda əyləşib növbəmi gözləyirdim. Beş-on dəqiqə keçmişdi ki, iki qadın arıq, çəlimsiz bir qızın qolundan tutub demək olar ki, sürüyə-sürüyə gətirib düz yanımda oturtdular. Qızın üz-gözü elə haldaydı ki, sanki avtomobil qəzasına düşmüşdü. Əynində gödəkcə olsa da hiss olunurdu ki, bədəni də sifətinin günündədir. Qolları qalxmırdı, addım ata bilmirdi, heyi-hərəkəti belə yox idi. Qızı divana yerləşdirəndən sonra onu gətirən qadınlar öz aralarında danışmağa başladı. Biri çox əsəbiydi, hirslə o birisini danlayırdı: “Sənə demişdim axı, tanımadığım adamı kirayə saxlamıram. Bax, gör başıma nə oyun açdın. Bu ölüb-eləsə mən polisin cəngindən çıxa biləcəyəmmi? Məni necə zibilə salmısan indi elə də təmizlə zibilini. Bu gündən o mənim evimdə qala bilməz daha”.
Digər qadın gecikmədən dilləndi: “Az, onun pulunu, qazandığını yeyən mən idimmi ki, indi də məni günahkar çıxarırsan. Mən gördüm kirayə ev axtarır, səni salıq verdim. Yoxsa nəyimə lazım idi ki. Bir ildir qızı zəli kimi sorursan, həm evində işlədirsən, həm də çöldən qazandığını basıb yeyirsən. Heç onda məni yadına salmırdın, polisdən qorxmurdun, indi nə tez yadına düşmüşük? Elə bu qızı pis yollara da sən saldın. Sənin tapdığın “makler” qızı aldatdı, sonra da aparıb pozğun yola qurşandırdı. Onda bilmirdinmi ki, bir gün belə olacaq?”
Qadınlar qızı unudub bir-birlərini didişdirirdilər, onları dinlədikcə də qızın gözündən yaş sellənirdi. Sakitcə qızın qulağına pıçıldayıb soruşdum ki, onu kim bu hala salıb. Ancaq dillənmədi, heç mən tərəfə baxmadı belə, gözlərini də, dodaqlarını da sıxıb oturdu. Elə bu vaxt cərrahın yanındakı xəstə otaqdan çıxdı və mənim növbəm çatdı. Qızın ağrıya dözə bilmədiyinə görə onu özümdən əvvəl həkimin qəbuluna salmaq istədim. Həm də bəlkə içəridə nə olduğunu öyrənə bilərəm deyə düşündüm. Qadınlardan birini köməyə çağırdım, qızın qolundan tutub həkimin otağına saldıq.
Uzun illərin peşəkar cərrahı qıza baxıb “Bunu bura niyə gətirmisiniz? Təcili yardım çağırıb Sabunçu xəstəxanasına aparmalıydınız. Elə indi də gec deyil, götürün Sabunçuya, mən indi göndəriş də yazaram” - dedi. Qadınlardan biri dilləndi ki, ay doktor, hamamda yıxılıb, Sabunçuya niyə aparaq ki, siz qolunu gipsə qoyun, bəs edər. Həkim masasına keçib göndəriş yazmağa başladı, bu vaxt qızın bayaqdan bəri bağlanmış ağzının qıfılı qırıldı sanki: "Həkim, Sabunçuya göndərməyin lütfən, polislər o qədər çək-çevirə salacaqlar ki".
Həkim hirslə cavab verdi: “Mən də tibbi yardım göstərmiş olsam belə polisə məlumat verəcəm. Həm də sən mütləq xəstəxanada yatmalısan, bu hamamda yıxılmaq məsələsi deyil. Başqalarını aldada bilərsiz, ancaq məni yox. Səni döyüb bu hala salıblar, xəstəxanaya get, mülaicə al, döyənlər də cəzalarını çəksin”.
Qız ağlamağa başladı, qadınlar da bir-birlərinə baxıb gözlərini bərəltdilər. Biri o birisinə astadan pıçıldadı: “İndi nə edəcəyik, bölmələrdə sürünə biləcəyikmi?”. Qadınlar qızın qolundan tutub gətirdikləri kimi də bayıra çıxartdılar. Həkimə gəldiyimi unudub onların ardıyca düşdüm. Pilləkənlərin başında dayanıb nə danışdıqlarına qulaq verdim. Anladım ki, qız qadınlardan kök olanının evində kirayə qalırmış. Qadın qızı pis yola salıb, indi qız gecələr cinsi xidmət göstərir. Dünən gecə getdiyi kişi sərxoş olub qızı vəhşi kimi döyüb. Deyəsən qadına pul verib ki, qızı həkimə aparsın, qadın da qorxusundan xəstəxanaya yox, poliklinikaya gətirib. Pillələri düşə-düşə o biri qadına deyirdi ki, göndərişi cır tulla, onsuz da xəstəxanaya aparan deyiləm, gedək sınıqçıya. O biri qadın da onun sözünü ağzında qoyub deyirdi ki, onsuz da indi həkim bizim ardımızca polisə xəbər edəcək, bəlkə də evə çatanda bizdən qabaq polislər qapıda olacaq. Bundan sonrasını pıçıltıyla söylədiklərindən nə danışdıqlarından xəbərim olmadı. Həkimin otağına qayıtdım, qadın haqlı idi, artıq həkim polisə xəbər vermişdi...
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?