Ermənistanın Müdafiə Nazirliyinin multimedia xidməti pilotsuz uçuş aparatlarının (PUA) kəşfiyyatı adı altında animasiya filmləri istehsal eləməklə, internetdən başqa regionlarda gedən müharibələrdə çəkilmiş fotolara əl gəzdirib afişa hazırlamaqla məşğuldur.
Milli.Az "AzeriDefence"ə istinadən bildiririr ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı bildirib.
Ermənistan Müdafiə Nazirliyinin sosial şəbəkələrdə və özlərinə yaxın internet saytlarında yaydığı foto və videolarda əks olunan görüntülərin Azərbaycan Ordusu ilə heç bir bağlılığının olmadığını deyən polkovnik Dərgahlının sözlərinə görə, bütün bunlar Ermənistan daxilində ordunun itən imicini düzəltmək üçün propoqandadan başqa bir şey deyil.
"Erməni tərəfinin belə video və foto yaradıcılığı, animasiya hazırlama təcrübəsi böyükdür. Indiyədək dəfələrlə belə faktlar olub və bunların hamısı bizim tərəfimizdən və Azərbaycan mediası tərəfindən ifşa olunub. Foto və videolara inansaq belə çıxır ki, Azərbaycanın əsgəri qalmayıb. Müşahidələr göstərir ki, son bir gündə Ermənistan cəbhədə verdiyi böyük itkilərdən demək olar sarsılıb.
Erməni Ordusunun "məğlubedilməzliyi" barədə yaradılmış mif alt-üst olub. Elə buna görə də Seyran Ohanyanın müəllifliyi, Artsrun Ovannesyanın rejissorluğu ilə belə animasiyalar hazırlanır. İtkiləri barədə informasiyalar isə erməni ictimaiyyətindən maksimum şəkildə gizlədilir", deyə nazirlik rəsmisi bildirib.
V.Dərgahlı vətəndaşları ermənilərin yaydığı bu tip qurama video və foto görüntülərə inanmamağa çağırıb: "Azərbaycan əsgəri bu gün düşmənə təsirli zərbələr endirir. Müdafiə Nazirliyi olaraq hər bir itkimiz barədə ictimaiyyətə informasiyalar veririk. Şəhidlərimizin dəfni mətbuatın iştirakı ilə keçirilir".
Sorğu
Yeni dizaynımız necədir?