Mədəniyyət Mərkəzinin elektriki tədbir zamanı öldü, amma rayon rəhbərliyi buna məhəl qoymadı
Aprelin 9-da Sabirabad rayonunda əhalini şoka salan qeyri-adi olay baş verib. Belə ki, rayonun Mədəniyyət Mərkəzində Heydər Əliyevin 90 illik yubiley tədbiri zamanı ölüm hadisəsi baş verib. Lakin rayon rəhbərliyi meyiti ortalıqda qoyaraq yubileyi davam etdirib. Bu isə rayon rəhbərliyinin mənəvi aşınmasına dəlalət edən fakt kimi əhalinin şoka düşməsinə və ciddi narazılığına səbəb olub. Hadisə barədə tədbirdə iştirak edənlərdən biri məlumat verib. Məlumatda deyilir ki, rayonun, icra başçısı da daxil olmaqla, bütün rəhbərliyi saat 13-də Mədəniyyət Mərkəzində H.Əliyevin 90 illiyinə həsr edilən “bayram əhval-ruhiyyəli” tədbirə toplaşıblar. Tədbir başlar-başlamaz bədbəxt hadisə baş verib – mərkəzin tədbiri elektrik enerjisi ilə təmin etməyə məsul olan elektrikini cərəyan vurub və o, ölüb. Hadisə iştirakçıları şoka salıb. Çoxları tədbirin faciə ilə əlaqədar təxirə salınacağını gözləməkdəykən ikinci şok yaşanıb – rayon rəhbərliyi tədbirin davam etdirilməsinə göstəriş verib. Dünyasını dəyişən elektrikin cənazəsi mərkəzdən kənarlaşdırılıb və tədbir heç nə olmamış kimi öz axarında davam edib. Rayon sakinləri, o cümlədən tədbirdə iştirak edənlərin çoxu rayon rəhbərliyinin insan taleyinə belə biganə münasibətindən hiddətlənibər. Amma rayonda buna görə hər hansı aşkar gərginlik qeydə alınmayıb. O da maraqlıdır ki, ölkədə baş verən kriminal və bədbəxt hadisələr barədə gün ərzində yayılan rəsmi məlumatlar içərisində Sabirabadın Mədəniyyət Mərkəzindəki faciə yer almayıb. Məsələni diqqətdə saxlayacağıq.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?