Azərbaycan Vergilər Nazirliyi “Neptun” və “Grand” marketlər şəbəkələrində yoxlamalara başlayıb. Yoxlamalar dünən səhər saatlarında başlayıb. Report-un məlumatına görə, “Neptun” marketlər şəbəkəsinin Nəcəfqulu Rəfiyev küç.,25A ünvanında yerləşən “Neptun Xətai” (“Xətai” m/st. yaxınlığında) və Rəsul Rza küçəsi, 29/42 (“H.Aslanov” m/st. yaxınlığında) ünvanında yerləşən “Neptun Həzi Aslanov” marketlərində, həmçinin “H.Aslanov” metrosu yaxınlığında yerləşən “Grand” marketində aparılmış müşahidələr faktı təsdiq edib.
“Neptun Xətai”də yoxlamalara mülki geyimli 4 vergi əməkdaşı cəlb edilib. Onlardan ikisi kassa əməliyyatlarını yoxlayır, digər ikisi isə market daxilində müşahidələr aparırlar.
“Neptun Həzi Aslanov”da da dünən səhər saatlarında müştərilər vergi işçilərinin kassa aparatlarında yoxlama apardıqlarını müşahidə ediblər.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən isə Report-a bildiriblər ki, “Neptun” və “Grand” marketlər şəbəkəsinin bəzi mağazalarında da dövriyyənin müəyyənləşdirilməsi məqsədilə xronometraj müşahidəsi təyin edilib. Qurumun açıqlamasına görə, bu tipli yoxlamalar Vergi Məcəlləsinə uyğun aparılır: “Məlum olduğu kimi, Vergi Məcəlləsində xronometraj metodu ilə müşahidə aparmaq vergi orqanlarının hüquqlarına aid edilib. Xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla, vergi ödəyicilərinin istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədilə mütəmadı olaraq aparılır və bu zaman onların normal fəaliyyəti üçün heç bir maneə yaratmır”.
Iqtisadiyyat Nazirliyindən bildirilib ki, qeyd olunan yoxlamalarda Nazirliyin əməkdaşları iştirak etmirlər.
Qeyd edək ki, bir neçə gün əvvəl “Rahat”, “Bizim”, “Fresko”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”, “Favorit” kimi iri market şəbəkələrinin rəhbərləri iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət ediblər. Sahibkarlar hazırda tətbiq edilən vergi dərəcələri və digər ödəmələrin qiymətlərin stabil saxlanmasına imkan vermədiyini, devalvasiya nəticəsində əhalinin alıcılıq qabiliyyətinin aşağı düşdüyünü bildiriblər.
Azadlıqın ötən sayında məlumat vemişdik ki, bu marketlər marketlər məmur-oliqarxların nəzarətindədir. Məsələn, “Neptun” marketlər şəbəkəsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbovun, “Favorit” marketlər şəbəkəsinin deputat Madər Musayevin patornajlığı altında fəaliyyət göstərir. Digər iri marketlər də müxtəlif məmurlara bağlıdır. Onların Şahin Mustafayevə müraciəti isə əslində Fazil Məmmədovu küncə sıxışdırmaq üçündür. Görünür, vergilər naziri də bunun fərqində olduğu üçün müraciətə yoxlama ilə cavamb verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?