Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Bunu aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında iştirak edən Prezident İlham Əliyev xəstəxananın kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, Ağsu rayonunda bu gün çox əlamətdar bir gündür: "Biz bu gün Ağsu Rayon Mərkəzi Xəstəxanasının açılışını qeyd edirik. 160 çarpayılıq bu xəstəxana dünyanın ən yüksək standartlarına cavab verir. Bina çox gözəldir, yaraşıqlıdır, Ağsu şəhərinə əlavə yaraşıq verir. Çox geniş ictimai yerlər var. Bax, bu zal görün nə qədər gözəl bir memarlıq əsəridir. Xəstəxanada dünyanın aparıcı firmalarının istehsal etdiyi ən müasir avadanlıqlar quraşdırılıb. Burada 12 şöbə fəaliyyət göstərir. Bütün əsas şöbələr var: pediatriya, terapiya, cərrahiyyə, reanimasiya, hemodializ, doğum şöbələri və digər şöbələr. Yəni, bu xəstəxanada bütün şərait yaradılıb. Xəstəxananın tikinti sahəsi 24 min kvadratmetrdir. Bu, Azərbaycanda son vaxtlar tikilən ən böyük xəstəxanalardan biridir. Onu da qeyd etməliyəm ki, Ağsu rayonunun əhalisi təxminən 80 min nəfərdir. Bu gün 24 min kvadratmetr böyüklüyündə xəstəxana istifadəyə verilir. Əminəm ki, burada çalışan həkimlər yüksək xidmət göstərəcəklər, insanlara qayğı ilə yanaşacaqlar və artıq başqa yerlərə müalicə almaq üçün getməyə ehtiyac olmayacaq. Mənə verilən məlumata görə, Ağsuda 20-yə yaxın dializ xəstəsi var ki, onlar müalicə almaq üçün mütəmadi qaydada Şamaxı xəstəxanasına gedirdilər. İndi buna ehtiyac qalmır. Bütün müalicələr burada aparılacaqdır.
Xəstəxananın tikintisi ilə bağlı müvafiq göstəriş bir neçə il bundan əvvəl verilmişdir. Ancaq keçən il mən Ağsuda olarkən gördüm ki, binada işlər getmir, yarımçıq qalıbdır. Maraqlandım, dedilər ki, vəsait qurtarıb və büdcədə vəsait nəzərdə tutulmayıb. Mən də göstəriş verdim ki, dərhal Prezidentin ehtiyat fondundan əlavə vəsait ayrılsın. On milyon manat əlavə vəsait ayrıldı ki, bu xəstəxana yarımçıq qalmasın, tezliklə tikilib istifadəyə verilsin. Mən keçən dəfə, ötən ilin sentyabrında Ağsuda olmuşam. Altı aydan sonra gəlmişəm ki, sizinlə birlikdə bu xəstəxananın açılışını qeyd edək. Bu, doğrudan da gözəl hadisədir. Bu, onu göstərir ki, Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır".
İlham Əliyev bildirib ki, son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib: "İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.
Sosial məsələlərin həllinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. Sosial məsələlərin həlli üçün insanların sağlamlığını şərtləndirən su layihələri icra olunur, o cümlədən biz Ağsu rayonunda keçən il içməli su layihəsinin açılışını qeyd etmişik. İndi şəhər əhalisi Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun fasiləsiz içməli su ilə təmin edilir və bir neçə kənd artıq bu şəbəkəyə qoşulubdur".
Prezident deyib ki, təmiz ekoloji vəziyyət, ekologiya tədbirləri də insanların sağlamlığı üçün çox vacibdir və bu da Ağsuda var: "Çünki Ağsunun gözəl təbiəti, havası, əlbəttə ki, insanın sağlamlığına gözəl şərait yaradır".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?